“Rusiya mümkün olan hər şeyi edir ki, regionda uzunmüddətli və möhkəm sülh olsun”.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.
“Rusiya regionda uzun və möhkəm sülhün yaranması üçün nə mümkündürsə, edir. Biz ondan çıxış edirik ki, münaqişə tərəfləri də bu məqsədlərə istiqamətlənib. Buna nail olmaq üçün Bakı və İrəvanla daim təmasdayıq”, - deyə Rusiya XİN rəsmisi bir neçə gün qabaq Dağlıq Qarabağda Hadrut ərazisində atəşkəsin pozulmasını şərh edərkən vurğulayıb.
M. Zaxarova ATƏT-in Minsk Qrupu həmsədrlərinin Bakı və İrəvana səfərlərində Rusiyanın səfirlər səviyyəsində təmsil olunmasını isə belə şərh edib: “Düşünmürəm ki, Rusiya nümayəndə heyətinin niyə bu cür formalaşdırılmasının detalları açıqlanmalıdır. Bunun səbəbi var. Burada heç bir konspirologiyadan söhbət getmir. Logistika baxımından bunun düzgün olduğunu hesab etdik. Xahiş edirəm ki, burada hansısa siyasi mətnaltı məna axtarmayın”.
Zaxarova: “Qarabağdakı vəziyyətlə təkcə Minsk Qrupu deyil, digər beynəlxalq təşkilatlar və strukturlar da məşğuldur”
“İndi təkcə ATƏT-in Minsk Qrupu deyil, digər beynəlxalq təşkilatlar və strukturlar da Dağlıq Qarabağ regionundakı vəziyyətlə bağlı məsələlərlə məşğul olur”.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə görə, burada əsas olan həmin təşkilatların funksiyalarıdır: “Rusiya, Azərbaycan və Ermənistan dövlət başçılarının üçtərəfli bəyanatının miqyasını nəzərə alsaq, indiki mərhələdə bir tərəfdən bu bəyanatın həyata keçirilməsi prosesi baş verir, digər tərəfdən isə həmin beynəlxalq struktur, orqan və təşkilatların öz səlahiyyətləri çərçivəsində məsələləri həll etməsi üçün iş gedir. Düşünürəm ki, bütün bu proseslərin institutlaşdırılması və razılaşdırılması vacibdir. Bunun üçün vaxt lazımdır. İndi hər kəs bununla məşğuldur. Bildiyiniz kimi, regionun üzləşdiyi problemlər böyük həcmdədir. Həmin problemlər müxtəlif sahələrə aiddir. Bunlar humanitar məsələlər, qaçqınlar, mədəniyyət obyektləri, təhlükəsizlik və minalardan təmizlənmə problemləridir. Bu gün Minsk Qrupu kimi, digər beynəlxalq strukturlar, vasitəçi təşkilatlar, misal üçün Beynəlxalq Qırmızı Xaç Komitəsi də sadaladığım problemlərin həlli ilə məşğul olur. BQKX vəziyyətin tam formatda nizamlanmasında öz rolunu oynaya bilər”.
.
