"Danışıqlar prosesinin ruhuna, MDB-nin Düşənbə sammiti əsnasında aparılmış müzakirələrə zidd olaraq Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz fəaliyyətin davam etdirilməsi münaqişənin həlli istiqamətində beynəlxalq səylərə xələl gətirir".
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.
"Bu kimi əməllər Ermənistanın sözü ilə əməlləri arasında ziddiyyətin olduğunu, bu ölkənin qeyri-konstruktivliyini və münaqişənin danışıqlar yolu ilə həllində maraqlı olmadığını növbəti dəfə nümayiş etdirir.
Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan tərəfindən məskunlaşmanın aparılması, demoqrafik vəziyyətin dəyişdirilməsi və digər bu kimi qeyri-qanuni əməllərin həyata keçirilməsi beynəlxalq humanitar hüququn kobud şəkildə pozulmasıdır.
Beynəlxalq təşkilatlar, o cümlədən ATƏT-in Minsk Qrupunun həmsədrləri qarşısında Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni əməlləri məsələsi davamlı surətdə qaldırılır", XİN-dən bildirilib.
Qeyd edək ki, Ermənsitan kütləvi informasiya vasitələrində Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonunda Sidney adlı qəsəbənin salınması, həmçinin Araz çayı boyunca işğal olunmuş rayonlarla Ermənistanı birləşdirən yeni yolun çəkilməsi barəsində məlumat verilir.
Azərbaycan daha üç nəfərin adını "arzuolunmaz şəxslər siyahısı"na daxil edəcək.
Bu barədə də Xarici İşlər Nazirliyindən bildirilib.
"Frankafoniya sammiti əsnasında güddüyü təxribatçı məqsədlərə nail ola bilməyən Ermənistan Frankofoniya Mətbuatı Beynəlxalq İttifaqının İdarə Keyətinin bəzi üzvlərini qanunsuz olaraq Azərbaycanın işğal olunmuş ərazilərinə səfərini təşkil edib. Jurnalist etikası və obyektivliyi prinsipinə zidd olaraq bu qanunsuz səfərdə iştirak edən Jan Kuşner, Fransua Dost və Xədicə Riduanın adları "arzuolunmaz şəxslər siyahısı"na daxil ediləcək", - məlumatda vurğulanıb.
.
