Xarici İşlər Nazirliyinin (XİN) İşlər idarəsinin sabiq müdiri Fərhad Mollazadə və Konsulluq idarəsinin vəzifəli şəxsi Səlim Əlizadənin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində Çingiz Abışov dindirilib.

Şahid bildirib ki, adına şirkətlər açılıb: ""Əmrahbank"da çalışan Rövşən Məmmədov mənə təklif etdi ki, adına şirkətlər yaradaq, sən də pul qazan. Mən də razılaşdım. Çünki həmin vaxt işləmirdim. Aylıq 300 manat əməkhaqqı alırdım. İşim ondan ibarət idi ki, hər pul əməliyyatında banka gəlib sənədlərə qol çəkir, orada Asif adlı şəxsə verirdim. 2 ilə yaxın əməkdaşlıq etmişəm. Asifin harda işləməsindən xəbərim yox idi".

Şahidin məhkəmədə verdiyi ifadə ilə istintaqdakı ifadəsi arasında ziddiyyət olduğundan onun istintaqa verdiyi ifadə elan olunub.

Ç. Abışov istintaqa ifadəsində bildirib ki, Asif Xarici İşlər Nazirliyinin əməkdaşı olub: "Hər pul əməliyyatından sonra pulu çıxarıb Asifə vermişəm. O da bildirirdi ki, pullar Səlim Əlizadəyə verilirdi. Hər pul əməliyyatından 2 faiz mənə çatırdı".

Şahid istintaqa verdiyi ifadəni təsdiqləyib. Lakin bildirib ki, Səlim Əlizadəni tanımır.

Daha sonra şahid qismində Tural Niftəliyev ifadə verib. O, ifadəsində Çingiz Abışovun tanışı olduğunu deyib: "Çingiz məni Rövşən müəllimlə tanış eləmişdi. Bəzən pul çıxartmaq üçün banka gəlmişəm. Həmin pulu çıxarıb Rövşən Məmmədova vermişəm. Qarşılığında mənə 5 manat verirdi. Ümumilikdə adıma 19 min manat pul gəlib".

Prosesdə şahid qismində dindirilən Günel İsayevə deyib ki, bankda çalışan Rövşən Məmmədov onu Səlim Əlizadə ilə tanış edib: "Mən mühasibəm. Bankda əməliyyatlar edirdim. Rövşən müəllimlə münasibətim yaranmışdı. O təklif etdi ki, Səlim Əlizadə ilə işləyim. Səlim Əlizadə mənə adıma şirkət yaratmağı təklif etdi. Həmin vaxt əlimdə hazır şirkət var idi. Ümumilikdə şirkətin adına 135 min manat pul gəlib. O pulları çıxarıb Səlim Əlizadəyə vermişəm. Qarşılığında hər pul çıxaranda 150-200 manat mənə verilib. Vergilər də onlar tərəfdən ödənilib".

Prosesdə Svetlana Gülməmmədova ifadə verib. O da mühasib olduğunu və Səlim Əlizadənin təklifi ilə adına şirkət açıldığını bildirib: "Səlim Əlizadəni tanıyırdım. O bildirdi ki, adıma şirkət açılsın və Xarici İşlər Nazirliyi ilə əməkdaşlıq edim. Razılaşdım. Dəftərxana malları alınırdı. Bir neçə dəfə bankdan pul çəkmişik və “Sədərək” Ticarət Mərkəzindən mallar almışıq. Ümumilikdə, adıma 75 min manat pul gəlib. Həmin puldan 1 faizi mənə verilib. Vergilər də ödənilib".

Digər şahid Məhyəddin Hüseynov bildirib ki, usta kimi fəaliyyət göstərir: "Bilal Qasımovun evində çalışırdım. O təklif etdi ki, adıma şirkət yaradılsın və tikinti materialları ilə bağlı işlər görülsün. Sonra mənə dedi ki, iş alınmadı".

İttiham aktında isə qeyd olunub ki, həmin şəxsin adına yaradılan şirkətə etibarnamə alınaraq pullar köçürülüb.

Şahid bunlardan xəbərsiz olduğunu deyib.

Proses oktyabrın 6-da davam edəcək.

Xatırladaq ki, təqsirləndirilən şəxslər Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılıblar.

Onlar barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə), 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 311-ci (rüşvət alma) maddələri ilə cinayət işi başlanıb.

Həmin şəxslər barəsində Səbail Rayon Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib.

Daha sonra isə məhkəmənin qərarı ilə onların barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəzlənib.

.