“Biz ABŞ ilə siyasi dialoqu davam etdirməyə hazırıq və Vaşinqtondan da eyni yanaşmanı gözləyirik”.

Bunu Gürcüstan Baş nazirinin müavini, xarici işlər naziri Maka Boçorişvili “İmedi” telekanalına müsahibəsində deyib.

O, ABŞ-ın yeni administrasiyasının Gürcüstana ədalətli yanaşacağını hesab etdiyini vurğulayıb.

"Demək olar ki, hər iki tərəf strateji tərəfdaşlığı təmiz səhifədən başlamalı olduğumuz fikrini bölüşür. Lakin biz inanırıq və ABŞ tərəfi ilə də bu fikri bölüşürük ki, strateji tərəfdaşlığımız konkret məzmunla yüklənməlidir. Bu məzmunun necə olacağı şübhəsiz ki, diplomatik işin və Amerika tərəfi ilə siyasi dialoqun mövzusudur", - XİN başçısı əlavə edib.

Qeyd edək ki, ABŞ Emi Diazı Gürcüstana yeni müvəqqəti işlər vəkili təyin edib. Maka Boçorişvili ilə diplomat arasında keçirilmiş tanışlıq görüşündə Gürcüstan-ABŞ münasibətləri və gələcək əməkdaşlığın perspektivləri müzakirə olunub.

Xatırladaq ki, ABŞ-ın əvvəlki administrasiyası Gürcüstanla strateji tərəfdaşlığı 2024-cü ilin noyabrın 30-da dayandırıb.

Rəsmi Tbilisi Aİ-ni Gürcüstanla bağlı yanlış mövqe tutmaqda ittiham edib

“Avropa İttifaqı bağlantılar mövzusunda müzakirələr zamanı Gürcüstanı siyasi dialoq formatlarından kənarda qoymaqla çox böyük səhv edir”.

Bunu Gürcüstan Baş nazirinin müavini, xarici işlər naziri Maka Boçorişvili “İmedi” telekanalına müsahibəsində deyib.

Onun sözlərinə görə, bu mövqe Aİ-nin özü üçün də zərərlidir, belə ki, bağlantılar məsələsi hər iki tərəfin maraqlarına uyğundur.

XİN rəhbəri qeyd edib ki, Gürcüstan hakimiyyəti ölkənin coğrafi mövqeyinin sayəsində malik olduğu potensialdan maksimum dərəcədə yararlanmaq istiqamətində çalışmağa davam edəcək.

Nazir əlavə edib ki, siyasi dialoq həm Aİ, həm də Gürcüstan üçün zəruridir.

“Avropa İttifaqı Gürcüstanla intensiv siyasi dialoq aparmaqda maraqlı olmalıdır. Dialoq üçün resurs həmişə mövcuddur, əsas istəyin olmasıdır. Avropa İttifaqı siyasi qərar qəbul etməli, Avropanın ehtiyaclarından asılı olaraq yanaşmasını daima dəyişməlidir”.

.