"Azərbaycan ərazilərini işğal altında saxlamaq azmış kimi, Ermənistan ianə olaraq qəbul etdiyi "İskander” taktiki-operativ raketləri ilə dövlət başçısı səviyyəsində Azərbaycanın şəhərlərini vurmaqla təhdid edir və bununla öyünməkdən utanmırdı”.

Bu sözləri XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Azərbaycan tərəfindən "Polenez" və LORA tipli uzunmənzilli raketlərin əldə edilməsinin Ermənistanda ciddi narahatlıq yaratmasına dair sorğuya cavabında deyib.

O bildirib ki, Ermənistanın işğal siyasətinin davam etməsi şəraitində Azərbaycan müdafiə qabiliyyətini artırmağa davam edəcək: "Ermənistanın qeyri-sivil, təcavüzkar və militarist siyasəti, Azərbaycan ərazilərini işğal altında saxlamaqda davam etməsi, beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə hörmətsizliyi və Ermənistanın bu kimi əməllərinə ikili standartların mövcudluğu şəraitində Azərbaycan özünün müdafiəsi və vətəndaşlarının təhlükəsizliyi üçün müdafiə qabiliyyətini və imkanlarını artırır və bundan sonra da artırmaqda davam edəcək.

Əgər Ermənistan Azərbaycanın hərbi imkanlarının artmasından narahat olmaq istəmirsə, onda BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinə uyğun olaraq Azərbaycana qarşı başladığı müharibəni dayandırmalı, işğal olunmuş ərazilərdən öz qoşunlarını çıxarmalı və azərbaycanlı məcburi köçkünlərin öz doğma torpaqlarına geri qayıtmasını təmin etməlidir. Yalnız bu halda regionda sülh və təhlükəsizlik bərqərar ola və hərtərəfli regional əməkdaşlıq üçün imkanlar yarana bilər”.

Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Ermənistan xarici işlər nazirinin müavini Şavarş Köçəryanın açıqlamasına da münasibət bildirib.
H. Hacıyev deyib ki, məntiqə uyğun olmayan və cəfəng xarakter daşıyan açıqlamaları şərh etmək çox çətindir: "Ermənistan xarici işlər nazirinin müavini Şavarş Köçəryanın son açıqlaması da bu silsiləndəndir. Hələ Ter-Petrosyanın vaxtından bu illər ərzində Azərbaycan danışıqları bilavasitə Ermənistanla aparır. Qarabağdan olub-olmamasından asılı olmayaraq, Azərbaycan danışıqları Ermənistanın prezidentləri ilə aparıb. İşğal, təcavüz və qanlı etnik təmizləmə nəticəsində yaradılmış qondarma rejimin danışıqlarda iştirak etməsi barədə Ermənistanın irəli sürdüyü iddia danışıqlar prosesini iflic vəziyyətinə salmaq, işğala əsaslanan status-kvonu saxlamaq və işğal olunmuş Azərbaycan ərazilərini anneksiya etmək məqsədi daşıyır”.


.