"Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar prosesi mövcud format əsasında davam etdirilməlidir”.

Bunu Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

Ermənistan tərəfindən müxtəlif səviyyələrdə ziddiyyətli bəyanatlar verildiyini vurğulayan H.Hacıyev bildirib ki, bu cür bəyanatlar ancaq daxili istehlaka yönəlib: "Ermənistanda bu gün hakimiyyətdə olan qüvvələr yüksək reytinqlərini saxlamaq üçün müharibə ritorikası və yaxud proseslərin formatını təhrif edən açıqlamalar verirlər. Ermənistan işğal və təcavüz faktına görə məsuliyyət daşıyır və bu səbəblə, beynəlxalq norma və prinsiplərə uyğun olaraq, danışıqlar prosesinin tərkib hissəsidir”.

H. Hacıyev qeyd edib ki, Azərbaycan Ermənistanın və ya başqa bir tərəfin danışıqlar prosesinə şərt qoymasını qəbul etmir: "Danışıqlar prosesinin fundamental, beynəlxalq hüquqi və siyasi əsasını BMT Təhlükəsizlik Şurasının qətnamələri təşkil edir. Danışıqlar prosesinin hansı formatda davam etdiriləcəyini bütün beynəlxalq ictimaiyyət, ATƏT-in Minsk qrupu həmsədrləri və Ermənistan tərəfi də yaxşı bilir".

"Avropa İttifaqı (Aİ) və Azərbaycan arasındakı əlaqələr dinamik sürətdə inkişaf edir. Əlaqələrimiz enerji, nəqliyyat uzlaşmaları, humanitar, iqtisadi, ticarət və digər sahələrdə yaxşı inkişaf edir və bu gün Azərbaycan-Aİ arasında strateji tərəfdaşlığa dair saziş layihəsinin müzakirəsi əldə olunan irəliləyişlərin bariz göstəricisidir”.

Bunu da Hikmət Hacıyev Avropa Parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi qətnaməyə münasibət bildirərkən deyib.
"Təəssüflər olsun ki, Avropa parlamentində bir sıra qüvvələr var. Onlar şəxsi maraqlarından çıxış edən dairələrdir. Düşünürlər ki, bu yolla Aİ-Azərbaycan əlaqələrinə xələl gətirə bilərlər, ancaq öz məqsədlərinə nail ola bilməyəcəklər”, - deyə H. Hacıyev qeyd edib.

Aİ-nin həmişə Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyini xatırladan XİN təmsilçisi deyib ki, Avropa Parlamentdə Aİ-Azərbaycan əlaqələrinin inkişafında maraqlı olmayan qüvvələrin mövqeyinə rəğmən əlaqələrimiz davamlı şəkildə inkişaf edəcək.

.