"Son günlər sosial şəbəkələrdə təcavüzkar ölkə Ermənistan tərəfindən Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsi və ətraf rayonlarında qeyri-qanuni məskunlaşdırma siyasətinin davam etdirildiyini nümayiş etdirən video-görüntülər yayılıb.

Livanın Beyrut şəhərində baş verən partlayışdan sonra bu ölkədəki faciədən öz mənfur məqsədləri üçün istifadə edən işğalçı Ermənistan Livan ermənilərinin Azərbaycanın beynəlxalq tanınmış əraziləri olan və hazırda hərbi işğal altında olan Dağlıq Qarabağ və ətraf bölgələrinə köçürmək planlarını reallaşdırmağa başlayıb. Bu qanunsuz fəaliyyət işğalçı Ermənistan tərəfindən beynəlxalq hüququn norma və prinsiplərinin, o cümlədən 1949-cu il Cenevrə Konvensiyası və onun əlavə protokollarının, eləcə də Ermənistanın özünün üzərinə götürdüyü öhdəliklərinin kobudcasına pozulmasıdır".

Bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildirilib.

Məlumatda qeyd olunub ki, qanunsuz məskunlaşdırma siyasətini həyata keçirən Ermənistanın məqsədi isə aydındır. Təcavüzkar ölkə bu yolla işğal etdiyi ərazilərdə həyata keçirilən etnik təmizləmənin nəticələrini, işğala əsaslanan status-quo vəziyyətini möhkəmləndirməyə çalışır: "Bölgə ilə hər hansı əlaqəsi olmayan etnik erməniləri Azərbaycanın hazırda işğal altında olan torpaqlarına qanunsuz şəkildə köçürməklə burada ermənilərin sayını süni şəkildə artırmağa çalışan işğalçı Ermənistan 30 ilə yaxındır ki, insan hüquqları pozulan, Dağlıq Qarabağ və ətraf bölgələrdən  zorla didərgin salınan azərbaycanlı məcburi köçkünlərin öz evlərinə, mülklərinə geri qayıtmasına əngəl törədir. Bölgədə gərginliyi alovlanıdrmaq məqsədini güdən və öz təxribatçı əməlləri və bəyanatları ilə son zamanlar bunu açıq şəkildə nümayiş etdirən Ermənistan rəhbərliyi həyata keçirdiyi bu ilhaqçı siyasəti ilə münaqişənin danışıqlar masası arxasında həllinə zərbə vurur. Azərbaycan XİN-i Ermənistan tərəfindən həyata keçirilən qeyri-qanuni məskunlaşdırma siyasəti, konkret olaraq Livandan etnik ermənilərin Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf rayonlarına köçürülməsi ilə bağlı ciddi etirazını ATƏT-in Minsk Qrupunun həmsədrləri qarşısında və müvafiq beynəlxalq təşkilatlar çərçivəsində qaldırıb. İşğal edilmiş ərazilərimizdə həyata keçirilən qeyri-qanuni fəaliyyət, o cümlədən qanunsuz məskunlaşdırmaya dair beynəlxalq ictimaiyyət mütəmadi məlumatlandırılacaq və bu qanunsuz təcrübəyə son qoyulması istiqamətində beynəlxalq təşkilatlar çərçivəsində səylərimiz davam etdiriləcək.  

Azərbaycan ərazilərini işğal altında saxlayan və bu ərazilərdə qeyri-qanuni fəaliyyəti həyata keçirən Ermənistan hökumətinin məsuliyyətə cəlb edilməsi üçün beynəlxalq ictimaiyyəti əməli addımlar atmağa çağırırıq".

.