“Bu günədək 3 dəfə bəyan edilən humanitar atəşkəs Ermənistan tərəfindən kobud şəkildə pozulub”.

Bunu Hərbi İnformasiya Mərkəzinin brifinqində Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva deyib.

O bildirib ki, 10 oktyabr tarixində Moskvada əldə olunan humanitar atəşkəsdən sonra Ermənistan silahlı qüvvələri Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəni gecə vaxtı raket atəşinə tutub: “Növbəti dəfə 17 oktyabr tarixində 18 oktyabr üçün humanitar atəşkəs elan olunub, lakin elə 17 oktyabr tarixində Gəncəyə ikinci dəfə raketlə hücum olunub. Atəşkəsdən iki dəqiqə sonra yenidən Ermənistan silahlı qüvvələri Azərbaycanın yaşayış məntəqələrini artilleriya atəşinə tutub və əsas məqsəd itirdikləri mövqeləri ələ keçirmək cəhdi olub. Üçüncü dəfə atəşkəslə bağlı razılaşma XİN başçılarının Vaşinqtonda keçirilən görüşündə əldə olunub. Bunun ardınca 27 oktyabrda növbəti dəfə humanitar atəşkəsə əməl olunması ilə bağlı çağırışlar səsləndirilib. Lakin üçüncü dəfə də Ermənistan tərəfi humanitar atəşkəsi yenidən kobud şəkildə pozaraq Azərbaycanın yaşayış məntəqələrini və mülki şəxslərini hədəfə alıb”.

XİN rəsmisi qeyd edib ki, dünən Cenevrədə iki ölkənin XİN başçılarının ayrı-ayrılıqda ATƏT-in Minsk qrupu həmsədrləri ilə, eləcə də birgə formatda görüşləri baş tutub: “Görüşün yekununda ATƏT-in Minsk Qrupunun həmsədrləri yeni bir çağırışla çıxış edərək yenidən tərəflərə humanitar atəşkəsə əməl olunmasını tövsiyə ediblər. Lakin bu gün gördüyümüz odur ki, Cenevrə danışıqlarından və ATƏT-in Minsk Qrupunun çağırışından sonra Ermənistan silahlı qüvvələri Azərbaycanın hərbi birləşmələrini və yaşayış məntəqələrini intensiv olaraq artilleriya atəşinə tutur. Hazırda Ağcabədi rayonunun kəndləri, Tərtər şəhəri və Tərtər rayonunun kəndləri artilleriya atəşinə məruz qalır. Ermənistan öz öhdəliklərinə və vədlərinə, eləcə də beynəlxalq vasitəçilərin əməyinə və səylərinə hörmətsizlik nümayiş etdirir”.

.