"Dünən Gəncədə baş vermiş provokativ, ölkədə sabitliyi pozmağa yönəlmiş cəhdlər onu göstərir ki, Azərbaycanın inkişafı, beynəlxalq səviyyədə əldə etdiyi uğurlar Ermənistan da daxil olmaqla, bəzi xarici dairələri ciddi sürətdə narahat edir”.

Bunu XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

H. Hacıyev bildirib ki, arxa cəbhədə xidmət edən polisə əl qaldırmaq ön cəbhədə xidmət göstərən əsgərlərə xəyanətdir: "Keçirdiyimiz hərbi parad Ermənistan və pis niyyətli xarici qüvvələri narahat edib. Bu hərəkətləri alqışlayan, dəstək verən başqa ölkələrdəki milli satqınlar xalqımız qarşında utanmalıdır. Bu cür hərəkətlərə əl atan şəxslər qarşılarında Azərbaycan xalqını görəcəklər. Gənclərimizi ayıq-sayıq olmağa çağırırıq”.

"Dilqəm Əsgərov və Şahbaz Quliyevin hələ də qanunsuz şəkildə girov saxlanılması Azərbaycan tərəfinin hiddətinə səbəb olur”.

Bunu da XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev keçirdiyi mətbuat konfransında deyib.

H. Hacıyev bildirib ki, Ermənistan onların dərhal azad edilməsi barədə tələblərə məhəl qoymur: "Ermənistan bütün beynəlxalq konvensiyaları ciddi şəkildə pozmaqda davam edir. Bu da münaqişənin həlli ilə bağlı danışıqlara və sülh yolu ilə həll prosesinə ciddi zərər vurur. Azərbaycan Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad edilməsi üçün bütün zəruri addımları atacaq”.


Qeyd edək ki, 2014-cü ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüb. Digər Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. H. Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib. İşğal altındakı Dağlıq Qarabağda D. Əsgərov və Ş. Quliyev üzərində qanunsuz "məhkəmə” qurulub. "Məhkəmə”nin qərarı ilə D. Əsgərov ömürlük, Ş. Quliyev isə 22 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.
.