“30 illik işğal dövründə Azərbaycan əraziləri yalnız işğal edilməyib, bu ərazilərə silah da daşınıb. Bu ərazilərdən silahların transferi üçün istifadə edilib. Azərbaycan bununla bağlı beynəlxalq tərəfdaşlara çağırış etsə də, bununla bağlı reaksiya görmədik”.

Bunu Xarici İşlər Nazirliyi və Müdafiə Nazirliyinin birgə brifinqi zamanı Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə deyib.

“Azərbaycan Ermənistan tərəfinin Qarabağdakı qanunsuz separatçı qurumu silahla təmin etməsi, bu ərazilərə minaların yerləşdirilməsi ilə bağlı faktlar təqdim edib, indi də bu minalar mülki insanların həyatını təhdid edir”, - XİN rəsmisi qeyd edib.

Ayxan Hacızadə bildirib ki, 24 saatlıq lokal antiterror tədbirlərinin nəticəsində Azərbaycanın Qarabağ regionuna böyük miqdarda silahların transfer edildiyi aşkar olunub.

“44 günlük müharibədən sonra nə qədər silahlar göndərilib. Bu silahların bir qismi 2021-ci il istehsalıdır. Azərbaycan əraziləri yeni istehsal olunmuş minalarla minalanıb, Azərbaycan ərazisində Ermənistan tərəfindən mülki və hərbi şəxslərə təlimlər keçirilib ki, onlar Azərbaycanın hərbi və mülki infrastrukturunu hədəf alsın”, - o bildirib.

.