Neftçala rayonunun Xıllı qəsəbəsində ilk dəfə məktəb 118 il bundan əvvəl fəaliyyət göstərməyə başlayıb. İnsanların maariflənməsində uğurları olan  məktəbin bu gün də ənənələri davam etdirilir. Lakin son illər məktəb binasının çökmək təhlükəsi ilə üz-üzə qalması valideynləri ciddi narahat edir.

Salyan qəzasına daxil olan indiki Neftçalanın Xıllı qəsəbəsində 1898-ci ildə ilk dəfə 2 sinifli ibtidai rus-tatar məktəbi açılıb. Burada dərslər rus dilində aparılsa da həftədə 1 dəfə Azərbaycan dilində şəriət dərsləri keçirilib. Xıllıda ibtidai məktəbdə 40-45 nəfər şagird təhsil alıb. Və burada ilk kitab məhz "Gülüstan” olub. Məktəb binası köhnə olduğundan 1916-cı ildə xalqdan yığılan vəsait hesabına yeni məktəb binası tikilərək bir il sonra şagirdlərin ixtiyarına verilib. Artıq məktəb ana dilində ibtidai məktəb kimi fəaliyyət göstərməyə başlayıb. O dövrlərdə şagirdlərin yüksək səviyyədə təhsil almasında məktəbin çox böyük uğurları olub. Bu gün də həmin bu ənənələr davam etdirilir. Bəli, davam etdirilir. Ancaq necə?

Məktəbin direktor müavini Qabil Hüseynov vəziyyətin acınacaqlı olduğunu təsdiqlədi: "Məktəb qəzalı vəziyyətdədir. Məktəbin tavanı demək olar ki, yoxdur. Məktəb özü əyridir. Bünövrəsi yoxdur. Baxmayaraq ki, məktəbin rəhbəri və müəllimlər çalışırlar ki, müəyyən yollarnan dərslər normal keçirilsin. Lakin məktəbin hazırki vəziyyəti buna imkan vermir.”

Məktəbin belə acınacaqlı vəziyyətdə olması nəinki müəllimləri hətta valideynləri də çox ciddi narahat edir. Məktəbin indiki vəziyyəti ilə bağlı aidiyyatı qurumlara da müraciət edilib. Lakin hələ də indiyə kimi tədbir görən olmayıb. Qeyd edək ki, Xıllı qəsəbə 1 saylı tam orta məktəb binası ötən əsrin 90-cı ilin əvvəlində istifadəyə verilib. Hazırda qəzalı vəziyyətdə olan məktəbin indiki vəziyyəti ilə bağlı vaxtında lazımi tədbirlər görülməzsə burada bədbəxt hadisələr qaçılmaz olacaq.

 

.