“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” ilə bağlı ümumilikdə 80 nəfər bakalavr, 149 nəfər magistr təhsil səviyyəsi üzrə 229 proqram iştirakçısı qalib adına layiq görülüb”.
Bunu 2019-2023-cü illər üzrə Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri Turan Topalova bildirib.
Onun sözlərinə görə, nəticələr üzrə emal prosesi davam edir:
“Yaxın gələcəkdə digər nəticələr də açıqlanacaq. İl ərzində 80 bakalavr, 320 magistratura səviyyəsi üzrə proqram iştirakçısı seçilməlidir. Hazırki kvotaya münasibətdə 80 bakalavr təhsil sahəsi üzrə tam dolub, magistratura səviyyəsi üzrə isə kvotanın tam dolmaması müəyyən olunub. Avqust ayının 10-dan 25-nə qədər müvafiq təhsil səviyyəsi üzrə sənəd qəbulu yenidən elan edilir”.
O deyib ki, qalib olan 229 namizəddən 67 faizini kişilər, 33 faizini qadınlar təşkil edir.
Turan Topalova qeyd edib ki, daha çox müraciət olunan ölkələr siyahısında Türkiyə, Böyük Britaniya, ABŞ, Çexiya və İtaliya yer alır:
"Ən çox müraciət olunan ixtisaslar isə mühəndislik, iqtisadiyyat, informasiya texnologiyaları, təhsil və maliyyədir".