Sənədin ortada olmamasından faydalananlar var

Əhalinin imkanlı təbəqəsi müalicə üçün uzaq xaricə üz tutur. Orta səviyyədə gəliri olanlar da çox vaxt həyatlarını yerli həkimlərə etibar etmir, yaxın xaricə - Türkiyə, Rusiyaya gedirlər. Kasıblar isə İrana qaçırlar. Bu, bir tərəfdən bəzi xəstəliklərin müalicəsinin Azərbaycanda aparılmadığından irəli gəlirsə, digər tərəfdən öz həyatlarına verdikləri qiymətin göstəricisidir. Çünki, bizimkilər başqa ölkələrə təkcə müalicəsi çətin olan xəstəliklər deyil, həm də adi xəstəliklərlə, hətta diş düzəltdirməyə belə gedirlər.

Bizimyol.info saytının araşdırmasına görə, xaricdə müalicəni Səhiyyə Nazirliyi hələ 2005-ci ildən üzərinə götürüb. Həmin vaxt "Vətəndaşların respublikadankənar müalicəyə göndərilməsi məsələləri üzrə komissiya” yaradılıb. Komissiyaya Səhiyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin mütəxəssisləri daxildir. Vətəndaşlara respublikadan kənarda müalicə almaq imkanı verən şərtlər səhiyyə nazirinin əmrinə müvafiq olaraq, komissiya haqqında əsasnamə ilə müəyyənləşdirilir. Komissiyadan verilən məlumata görə, xəstəyə konkret və obyektiv müayinə üsulları ilə diaqnoz təyin olunubsa, xəstəliyin müalicəsi ölkədə mümkün deyilsə və ölkədən kənarda ümumi qəbul edilmiş müalicə üsulu mövcuddursa, ona xaricdə müalicə imkanı yaradılır. Konkret xəstəliyin respublikadan kənarda da müalicəsi mümkün deyilsə, komissiya göndərişlə bağlı qərar çıxartmır. Xəstələr əsasən Türkiyə, İran, Rusiya, Ukraynaya göndərilir. Bunlar ictimaiyyətə çatdırılan məlumatlardır.
Amma sözügedən komissiyanın əsasnaməsini internet resurslarında tapa bilmədik. Səhiyyə Nazirliyinin web-saytında 2006-cı ildən bəri verilən əmr və sərəncamlar yerləşdirilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) saytında da bir sıra qanun və qərarlar olsa da, söhbəti gedən əsasnamə yoxdur. Hər il xaricə göndərilənlərin çoxu ƏƏSMN-nin xəttilə gedən əlillərdir. Bu qurum isə yalnız xəstələrin yol xərcini ödəyir. SN-dən minlərlə müraciətin çox az hissəsinə müsbət cavab verilir. Odur ki, şikayətçilərin sayı çoxdur. Misal üçün, Komissiyadan verilən məlumata görə, 2014-cü ildə Komissiyaya Heydər Əliyev Fondu, Prezident Administrasiyası, Səhiyyə Nazirliyindən 595 məktub daxil olub, 1433 vətəndaş isə ərizə ilə müraciət edib. Komissiyaya daxil olan müarciətlərə baxılıb, cəmi 2 nəfər respublikadan kənarda müalicə almaq üçün göndərilib.

Prosedur qaydaları yalnız komissiya rəhbəri və katibi tərəfindən mətbuata verilən məlumatlar əsasında anlamaq olur. Əsasnamənin ortada olmaması orda olan tələblərin ictimaiyyətə obyektiv çatdırılmadığı qənaəti yaradır. B və C viruslu hepatitlərin profilaktikası, diaqnostikası və təşkili üzrə Komissiyanın Əsasnaməsini təhlil edəndə bəlli olmuşdu ki, bu cür xəstələrin qələmə verildiyi kimi təkcə müalicəsi deyil, müayinəsi də dövlət hesabına aparılmalıdır. Lakin, real mənzərə bunun əksini göstərir. Müayinə də, elə müalicə də əksər hallarda xəstənin öz hesabınadır.

.