Oktyabrın 27-də Daxili İşlər Nazirliyində narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinin, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsinin, şəhər, rayon polis orqanlarında vətəndaşların müraciətlərinə baxılması və qəbulu işinin vəziyyətinə, eləcə də cari ilin 9 ayının yekunlarının müzakirəsinə həsr olunmuş onlayn formatda Kollegiya iclası keçirilib.
DİN-dən bildirilib ki, İclası giriş sözü ilə açan daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov hər üç məsələnin fundamental insan hüquqlarının müdafiəsində, vətəndaş məmnunluğunun təmin edilməsində, hər bir şəxsin qanuni mənafelərinin cinayətkar qəsdlərdən qorunmasında mühüm əhəmiyyət kəsb etdiyini bildirib.
General-polkovnik V.Eyvazov oktyabrın 15-də də ölkəmizin növbəti dəfə tarixi anların və hadisələrin şahidi olduğunu, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin Xankəndidə, Xocavənddə, Xocalıda və terrorçulardan təmizlənmiş digər ərazilərdə Dövlət bayrağımızı ucaltdığını, habelə Daxili İşlər Nazirliyinin Xankəndi şəhər polis şöbəsinin yaradıldığını, Xocalı, Tərtər və Xankəndiyə müvəqqəti komendantların təyin edildiyini, işğaldan azad edilmiş həmin ərazilərdə təhlükəsizliyin və asayişin təmin edilməsi üçün bütün zəruri tədbirlər görüldüyünü, hər bir evin, hər bir binanın və infrastruktur obyektlərinin mühafizəyə götürüldüyünü, qanunsuz silahlı birləşmələrin atıb getdikləri mövqelərdən çoxsaylı silah-sursatın və hərbi texnikanın aşkarlandığını qeyd etdi.
.