ABŞ-nin əməkdaşlıq təklifi yaxın gələcəkdə deyil, çox güman, daha sonrakı mərhələdə nəzərdən keçirilə bilər.
"Mehr" agentliyi xəbər verir ki, bunu İranın ali rəhbəri ayətullah Seyid Əli Xamənei bildirib.
İslam Respublikasının lideri bildirib ki, İranla ABŞ arasında qarşıdurma maraqların münaqişəsidir:
"Birləşmiş Ştatlar İsrailə dəstəyini tamamilə dayandırarsa, hərbi bazalarını regiondan çıxararaq, bölgə dövlətlərinin işlərinə müdaxilə etməzsə, o zaman amerikalıların İranla əməkdaşlıq etmək xahişi yaxın gələcəkdə deyil, daha sonra nəzərdən keçirilə bilər".
O, 1979-cu il noyabrın 4-də ABŞ-nin Tehrandakı səfirliyinin əməkdaşlarının girov götürülməsini "şərəf və qələbə günü" adlandırıb.
Qeyd edək ki, son günlər ABŞ-nin İrana danışıqlara başlamağı təklif etdiyinə dair məlumat yayılıb. Habelə İslam Respublikasının keçmiş prezidenti Həsən Ruhani, sabiq xarici işlər naziri Məhəmmədcavad Zərif, ölkə parlamentinin keçmiş sədri, hazırda ev dustağı olan Mehdi Kərrubi və "islahatçı" qanada mənsub olduğu bildirlən bır çox siyasətçilər ABŞ ilə danışıqların tərəfdarı olduqlarını gizlətmirlər. Bu baxımdan, Xaməneinin qeyd olunan açıqlaması həm də onlara cavab sayılır.
.
