ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff Ukrayna nümayəndə heyəti ilə Cenevrədə keçirilən danışıqlarda irəliləyiş əldə olunduğu təqdirdə Rusiyaya səfər edə bilər.

Bu barədə “The Washington Post“ məlumat yayıb.

Qeyd edilib ki, əgər Stiven Uitkoff və ABŞ dövlət katibi Marko Rubio Ukrayna tərəfi ilə “danışıqların konseptual çərçivələri” barədə razılığa gələ bilsə, Stiven Uitkoff daha sonra Rusiya Prezidenti Vladimir Putinlə görüşə yollana bilər, lakin bu səfər dərhal baş tutmaya da bilər.

ABŞ-ın hazırladığı plan Ukraynanın bir sıra ərazilərdən — Krım, Donbass və digər bölgələrdən imtina etməsini, əvəzində ABŞ və Avropadan təhlükəsizlik təminatları almasını nəzərdə tutur. Ukrayna qoşunlarının çıxarıldığı ərazilərdə demilitarizasiya zonası yaradılması planlaşdırılır.

“Axios” portalı ABŞ rəsmisinə istinadən bildirir ki, Xerson və Zaporojye vilayətlərində təmas xətti “dondurulacaq”, Rusiya isə bəzi əraziləri Ukraynaya geri qaytarmağa məcbur olacaq. Ukrayna ordusunun sayının ciddi şəkildə azaldılması, uzun mənzilli silahlardan məhrum edilməsi, ölkə ərazisində xarici qoşunların yerləşdirilməsinin qadağan olunması nəzərdə tutulur.

Bundan əlavə, rus dilinin Ukraynada dövlət dili statusu alması planın tələbləri arasındadır. Зlan həmçinin Rusiyaya qarşı sanksiyaların ləğv edilməsini ehtiva edir.

.