Ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq icraçı direktoru Vüqar Səfərli ilə birgə ittiham olunan, jurnalistlər üçün tikilmiş binaların baş memarı olmuş Telman Tahirovun azadlığın məhdudlaşdırılması cəzasından (elektron qolbaq) vaxtından əvvəl azad edilməsi barədə müraciətə baxılıb.

Bununla bağlı məhkəmə müvafiq qərar qəbul edib.

Qərara əsasən, Telman Tahirovun müracəti təmin edilib və azadlığın məhdudlaşdırılması cəzasından (elektron qolbaqdan) vaxtından əvvəl azad olunub.

Qeyd edək ki, ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun vəzifəli şəxslərinin qanunsuz əməllərinə dair Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən əməliyyat keçirilib. Saxlanılanlar şəxslər barəsində Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə-xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma-külli miqdarda törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə-ağır nəticələrə səbəb olduqda), 313 (vəzifə saxtakarlığı) və digər maddələri ilə ittiham elan edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin qəbul etdiyi hökmə əsasən, Vüqar Səfərli 10 il 6 ay, onunla birlikdə saxlanılan Nadir Məmmədov 6 il müddətinə azadlıqdan məhrum edilib.

Telman Tahirov barəsində azadlığın məhdudlaşdırılması (elektron qolbaq), və digər təqsirləndirilən şəxslər barəsində həbslə bağlı olmayan cəzalar tədbiq edilib.

.