2026-2030-cu illəri əhatə edən yeni Strateji Plan Hesablama Palatasının fəaliyyəti üçün əsas yol xəritəsi rolunu oynayacaq.
Bunu qurumun sədri Vüqar Gülməmmədov Strateji Planı şərh edərkən deyib.
Onun sözlərinə görə, sənəd 2021-2025-ci illər üzrə faktiki həyata keçirilmiş fəaliyyətlərin, SAI PMF (Ali Audit Orqanlarının Fəaliyyətinin Ölçülməsi Çərçivəsi) və həmkar qiymətləndirməsinin nəticələrinin, eləcə də mövcud vəziyyətin təhlili əsasında hazırlanıb.
V.Gülməmmədov bildirib ki, əvvəlki dövr üzrə fəaliyyətlərin və qiymətləndirmə nəticələrinin təhlili növbəti beş il üçün peşəkar və təşkilati inkişaf strategiyasının formalaşdırılmasına imkan verib. "Məqsədimiz mövcud problemləri həll etmək, əldə olunmuş nailiyyətləri qorumaq və daha iddialı hədəflərə nail olmaqdır", - deyə o qeyd edib.
Sədrin sözlərinə görə, yeni Strateji Plan Hesablama Palatasının fəaliyyətinin müasir çağırışlara uyğun qurulmasında əsas istiqamətverici sənəd olacaq.
O həmçinin vurğulayıb ki, Strateji Planın hazırlanması zamanı əsas maraqlı tərəflərlə səmərəli işgüzar münasibətlər qurulub, onların gözləntiləri təhlil edilərək sənəddə nəzərə alınıb. Yeni plan çərçivəsində nəticəəsaslı yanaşma genişləndirilib və ilk dəfə olaraq bir sıra əsas performans göstəricilərinin beş illik dövr üzrə proqnoz dinamikası sənədə daxil edilib.
V.Gülməmmədov əlavə edib ki, növbəti beş ildə əsas prioritetlər sırasında Dövlət Auditi İnformasiya Sisteminin tam qurulması, digər dövlət qurumlarının informasiya sistemləri ilə inteqrasiya, süni intellekt və data analitika alətlərinin tətbiqi, beynəlxalq audit standartlarının genişləndirilməsi və dövlət maliyyəsinin idarəedilməsinin gücləndirilməsi yer alacaq.
.
