"Əmək Pensiyaları" haqqında Qanuna əsasən, yalnız əmək pensiyaları deyil, həmçinin vətəndaşların pensiya kapitalı da 2026-cı ildə indeksləşdirilərək artırılacaq.

Bunu deputat Vüqar Bayramov sosial şəbəkə hesabında yazıb.

Onun sözlərinə görə, həmin qanunun 29.1-1 maddəsində qeyd olunur ki, sığortaolunanların fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq indeksləşdirilir:

"Yəni, pensiya kapitalları 2025-ci ildəki illik inflyasiya səviyyəsinə uyğun olaraq artırılacaq. Pensiya kapitalının nə qədər artırılacağına gəldikdə isə, Mərkəzi Bank 2025-ci il üçün inflyasiya proqnozuna yenidən düzəliş edib. Mərkəzi Bankda bu il Azərbaycanda qiymətlərin 6% faiz artacağını proqnozlaşdırırlar. Dövlət Statistika Komitəsinə görə, bu ilin ilk 9 ayında istehlak qiymətləri indeksi 5.7% olub. Bu o deməkdir, mövcud qanuna əsasən, Mərkəzi Bankın proqnozunda kənarlaşma olmazasa vətəndaşların pensiya kapitalı təxminən 6% artırılacaq".

O vurğulayıb ki, bu halda əgər vətəndaşın 50 min manat pensiya kapitalı varsa, onun vəsaiti gələn il təxminən 3 min manat artırılacaq:

"Təbii ki, daha konkret rəqəm yanvar ayında elan olunacaq. Bu artım vətəndaşlarımız pensiyaya çıxan zaman daha çox pensiya alması və kapitalın inflyasiyadan qorunması baxımdan vacibdir".

.