Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) icraçı direktoru Vüqar Səfərlinin Trend-ə müsahibəsi
- Vüqar müəllim, bir müddətdir ki, ictimai-siyasi qəzetlərə maliyyə yardımının ayrılması ilə bağlı müsabiqənin şərtlərinin dəyişdirilməsi müzakirə olunur. Bununla bağlı yekun olaraq hansı qərar qəbul olundu?
- Bildiyiniz kimi, biz bu il yanvarın 31-də qəzetlərin II rüb ərzində maliyyələşdirilməsi üçün elan vermişdik. Həmin elanın bəzi şərtləri narazılıqlar yaratmışdı. Elanın şərtlərində qəzetin gündəlik tirajının 5000 və yayımının 2000 nüsxə olması tələb olunurdu. Bu, əvvəlki illərə nisbətən bir qədər fərqli idi. Yəni əvvəlki illərdə qəzetin tirajı ilə bağlı tələb 2500, yayımı ilə bağlı tələb isə 1000 nüsxə qoyulmuşdu. Birdən-birə bu tələb iki dəfə artırıldı və bu da qəzetlər üçün bir qədər çətinlik yaratdı. O vaxt mətbuatda bu barədə bir az ajiotaj yarandı. Bir çoxları iddia edirdi ki, guya qəsdən belə şərtlər qoyulur ki, qəzetlər bağlansın. Ancaq bizim fikrimiz qəzetləri inkişaf etdirməkdir. 10 il ərzində bu qəzetlərə vəsait ayrılıb, bu müddət ərzində şərtlər üç dəfə dəyişib və bu da növbəti dəyişiklik idi. Qəzetlərin hesabatlarını qəbul edərkən gördük ki, qəzetlər həmin şərtləri yerinə yetirə bilmirlər. Bundan sonra Fondun Müşahidə Şurası yığışdı və müzakirə olundu ki, biz o şərtlərə əlavə güzəştlər edək. Yəni həmin şərtləri – 5000 tiraj, 2000 yayım tələbini yerinə yetirə bilməyən qəzetlər üçün II kateqoriya nəzərdə tutduq ki, həftəlik buraxılışa keçsinlər və həftəlik nəşrlərin 5000 tirajının çap və kağız məsrəflərini Fond ödəsin.
Bununla belə, müsabiqə başa çatandan sonra araşdırıb gördük ki, bu şərtləri də qəzetlər yerinə yetirə bilmirlər və qəzetlərin bir çoxu kənarda qalır. Ona görə də bunları nəzərə alaraq martın 30-da qəzet baş redaktorları ilə böyük bir toplantı keçirildi və bu məsələlər orada müzakirə edildi. Görüşdə vəziyyətdən çıxış yolları axtarıldı və bir çox təkliflər verildi. Fondun da öz təklifləri var idi. Biz belə təklif irəli sürmüşdük ki, 3 kateqoriya müəyyənləşsin. I kateqoriyada gündəlik 3000 nüsxədən çox tirajı olan və 2000 nüsxədən yuxarı yayımı olan qəzetlər maliyyələşdirilsin və bu qəzetlər üçün hər ay 20 000 manat vəsait ayrılsın. Bu kateqoriyaya düşə bilməyən qəzetlər isə II kateqoriyaya aid edilsin və həmin qəzetlər öz istəklərindən asılı olaraq həm gündəlik, həm də günaşırı çap olunsun. Bu qəzetlərə isə hər ay 10 000 manat vəsaitin ayrılması nəzərdə tutulsun. III kateqoriyaya daxil olan, yəni həftəlik qəzetlər üçün isə 5000 manat yardım ayrılması nəzərdə tutulurdu.
Onu da qeyd edim ki, günaşırı və həftəlik qəzetlər üçün tiraj 2500 nüsxə, yəni əvvəl olduğu kimi saxlanıldı, yayım isə 1500-ə qaldırıldı. Bu məsələ ümumi iclasdan sonra Müşahidə Şurasında bir daha müzakirə olundu və tədqirəlayiq hesab edildi.
Burada Fondun məqsədi qəzetləri sıxışdırmaq yox, inkişaf etdirməkdir. Fondun Müşahidə Şurasının son qərarı onu göstərdi ki, bəli, bu gün qəzetlərin inkişafı üçün dövlət nə lazımdırsa edir. Müsabiqə şərtlərinin yenidən dəyişdirilməsi, günün tələbinə uyğunlaşdırılması və yardımların artırılması göstərdi ki, dövlət həmişə medianın yanındadır.
- Vüqar müəllim, belə aydın olur ki, müsabiqənin şərtləri dəyişdirilsə də, maliyyə yardımının məbləği artırılır. Ancaq bu məsələ cəmiyyətdə yanlış anlaşılmışdı...
- Bəli, elədir. Əvvəlki illərdə "kateqoriya” demirdik. Onda da gündəlik, günaşırı və həftəlik qəzetlər var idi. Onu da deyim ki, həftəlik qəzetlərə əvvəl 1500 manat vəsait ayrılırdısa, indi 5000 manat, yəni üç dəfədən çox vəsait ayrılır. Günaşırı qəzetlərə ayda 6000 manata qədər vəsait ayrılırdısa, indi 10 000 manat vəsait ayrılır. Tirajları və yayımları çox olan gündəlik qəzetlər üçün isə ayda 10 000 min manat vəsait ayrılırdı ki, bu məbləğ də iki dəfə artırıldı, yəni 20 000 manata qaldırıldı.
- Necə düşünürsünüz, qəzetlər bu tələblərə əməl edə biləcəklərmi? Əgər edə bilməsələr, necə olacaq?
- Bir məsələni deyim ki, ayda 10 000 manat vəsait ayrılan qəzetlərin hazırda 1500 nüsxə yayımı yoxdur. Hamısında 2500 tiraj var, ancaq 1500 nüsxə yayım yoxdur. Biz onlara üç ay vaxt verdik ki, üç ay müddətində yayımı 1500 nüsxəyə çatdırsınlar. Üç ay müddətində həmin şərtləri yerinə yetirə bilməyən qəzetlərə maliyyə yardımı dayandırılacaq. Əgər şərtlərə əməl edə bilməsələr, yəqin ki, onlar da həftəlik qəzetlər sırasına keçiriləcək. I kateqoriyaya uyğun olaraq öz tiraj və yayımlarını artıracaq qəzetlər isə həmin kateqoriya üzrə maliyyələşdiriləcək.
- Vüqar müəllim, qəzet rəhbərləri qəzet köşklərinin az olmasından şikayət edirlər və yayımın artırılması üçün əlavə köşklərin qoyulmasını təklif edirlər. Bu barədə nə deyə bilərsiniz?
- Əlavə köşklərin qoyulmasına ehtiyac yoxdur. Bu gün şəhərimizin mərkəzi yerlərində, insanların ən sıx olduğu ərazilərdə, metro stansiyalarının çıxışlarında müasir köşklər qoyulub və qəzetlər həmin köşklərdə satılır. Sadəcə köşklərdə yayıma diqqəti artırmaq lazımdır. Bunun üçün Mətbuat Şurasında komissiya yaradılıb. Yəqin ki, bu məsələlər də müzakirə olunacaq və həllini tapacaq.
- Şübhəsiz ki, qəzetlərin yayımının azalmasına onlayn medianın da öz təsiri var. Bununla bağlı da fikirlərinizi bilmək istərdik.
- Əlbəttə, onlayn media yaranandan sonra qəzetlərin tirajı, satışı sürətlə aşağı düşdü. Çünki qəzet nə qədər operativ olmağa çalışsa da, məlumatı bir gündən tez verə bilmir. Bu günün məlumatları oxucuya növbəti gün çatdırılır. Ancaq onlayn media məlumatı oxuculara dərhal çatdırır. Təkcə Azərbaycanda deyil, bütün dünyada bu təsir var. Lakin klassik mətbuat da, yəni çap mediası da öz işini davam etdirməlidir. Çünki çap mediasının öz yeri var. Çap mediası bir salnamədir, onun böyük arxivi qalır və lazım olanda o arxivə müraciət etmək olur. Ancaq onlayn media belə deyil, elektron media silinərsə, arxivi də silinir.
Hesab edirəm ki, qəzetlər təkcə xəbər arxasınca qaçmamalı, təhlillər, maraqlı yazılar verməli, bununla oxucuları cəlb etməlidirlər. Hər bir qəzetin öz oxucusu olmalıdır. Əlbəttə, əvvəlki qədər tiraj, oxucu olmayacaq, ancaq hər halda olacaq.
- Vüqar müəllim, bir məsələ də var ki, gənc nəsil qəzetlərə o qədər də maraq göstərmir. Qəzetləri əsasən internetdən istifadə edə bilməyən yaşlı nəsil oxuyur və nəsil dəyişdikcə qəzetlərə maraq da azalır.
- Bəli, doğrudur, bu amil də var. Hətta yaşlı nəslin bir qismi də var ki, latın qrafikalı Azərbaycan əlifbası ilə oxuya, yaza bilmir və öyrənməkdə də maraqlı deyil. Soruşanda isə deyirlər ki, yaşlı adamdırlar, bundan sonra əlifbanı öyrənib nə edəcəklər. Təbii ki, belə düşünən yaşlı nəslin nümayəndələri də qəzet almırlar.
- Jurnalistlər üçün növbəti binanın inşasına da toxunmaq istərdik. Hazırda vəziyyət nə yerdədir?
-Jurnalistlər üçün tikilən binanın artıq sonuncu mərtəbəsində tamamlanma işləri aparılır. Mənzillərin 2020-ci ilin yayında jurnalistlərin istifadəsinə verilməsi planlaşdırılır.
- Bəs mənzillərin verilməsi ilə bağlı meyarlar dəyişdirilə bilər?
- Meyarlar haqqında indidən heç nə demək olmaz. Həmin meyarlar yəqin ki, mənzillərin verilməsinə 4-5 ay qalmış müzakirə olunacaq və açıqlanacaq. Lakin hansısa yeni meyarların əlavə olunacağını düşünmürəm.
.