Biz sürətli davranmalı və təmiz enerji hədəflərimizi real layihələrə çevirməliyik.
Bunu Aİ-nin İqlim Fəaliyyəti üzrə komissarı Vopke Hoekstra "Bərpa olunan enerji mənbələrinin həcminin üç dəfə artırılması və enerji səmərəliliyinin ikiqat artırılması üçün investisiyaların genişləndirilməsi" mövzusunda nazirlərin dialoqu zamanı deyib.
"Ötən il Dubayda biz mədən yanacaqları dövrünün sona çatması ilə bağlı bir addım atdıq. Biz 2030-cu ilə qədər bərpaolunan enerji tutumunu üç dəfə artırmaq və enerji səmərəliliyini ikiqat artırmağı öhdəmizə götürdük.
Və mənim üçün bu öhdəlik həmişə sadəcə məqsəd deyil, səmimi desək, edə biləcəyimiz ən yaxşı investisiya olmuşdur. Bərpa olunan enerji yerli mənbədir, iş yerləri yaradır, müstəqilliyimizi möhkəmləndirir və artıq çirkləndirici alternativlərdən daha ucuzdur və bu məqsədlərə nail olmaq bu onilliyin sonuna qədər qlobal istixana qazı emissiyalarını 10 milyard ton azaldacaq. Bu, Avropa İttifaqının üç il ərzində emissiyalarının ümumi həcmindən çoxdur. Beləliklə, bu, həqiqətən iddialı bir vizyondur, amma düşünürəm ki, bunu etmək olar" - Vopke Hoekstra qeyd edib.
O xatırladıb ki, Aİ bərpa olunan enerji mənbələrinin sürətli inkişafı sayəsində ötən il emissiyaları 8 faiz azaldıb: "Bu gün Avropanın elektrik enerjisinin yarısından çoxu külək və günəş enerjisindən əldə edilir ki, bu rəqəm artıq bütün qalıq yanacaq növlərini üstələmişdir. Bununla belə, qlobal miqyasda vəziyyətə nəzər saldıqda, ötən il emissiyalar hələ də 1,3 faiz artıb”.
.