Rusiya Prezidenti Vladimir Putin bildirib ki, BRICS iqtisadi bloku gələcəkdə öz parlamentini yarada bilər.
Yenizaman Rusiya mediasına istinadla xəbər verir ki, Sankt-Peterburqda keçirilən X BRICS Parlament Forumunda iştirakçılara müraciət edən Putin bloka daxil olan ölkələrin müntəzəm iclaslarının parlamentin qurulması prosesinə kömək edəcəyini bildirib. O qeyd edib: “BRICS-in hələ ki, özünün institusional parlament strukturu yoxdur. Amma mən inanıram ki, bu ideya gələcəkdə reallaşacaq. Əminəm ki, sizin forumunuz buna öz töhfəsini verəcək”.
Rusiya Prezidenti BRICS-ə üzv ölkələr arasında əlaqələrin qurulması və sosial-iqtisadi inkişaf məsələlərinin həlli, xalqların rifahının yaxşılaşdırılması, beynəlxalq gərginliyin azaldılması və daha ədalətli, demokratik, çoxqütblü və çoxtərəfli dünya nizamının formalaşdırılması səylərini yüksək qiymətləndirib. “Güclərin real balansını və yeni geosiyasi, iqtisadi və demoqrafik reallığı əks etdirən dünya nizamının yaranması mürəkkəb prosesdir, çox vaxt da ağrılıdır. Bu, ilk növbədə, “qızıl milyard” adlanan hakim elitaların sərt müqaviməti ilə bağlıdır”, -deyə o vurğulayıb.
Müstəqil mövqeyə malik olan ölkələrə artan təzyiqləri vurğulayan Putin bildirib ki, beynəlxalq hüquqa zidd olaraq, onlara qarşı məcburiyyət, birtərəfli sanksiyalar, ticarət qaydalarının seçmə tətbiqi və şantajdan istifadə edilir.
Bununla yanaşı, BRICS qlobal iqtisadiyyatda müsbət dəyişiklikləri prioritet hesab edir, ticarət və investisiyalarda milli valyutaların payının artırılmasına, təhlükəsiz və etibarlı maliyyə alətlərinin və qarşılıqlı hesablaşma mexanizmlərinin inkişafına diqqət yetirir.
2009-cu ildə Braziliya, Rusiya, Hindistan və Çinin birlikdə təsis etdikləri BRICS 2011-ci ildə Cənubi Afrikanı, ötən ilin dekabrında isə daha altı ölkəni sıralarına cəlb edib.
.