“Mexaniki su sayğaclarında sərfiyyatın müəyyən olunması üçün “Azərsu” ASC-nin İnformasiya Kommunikasiya Texnologiyaları Departamenti tərəfindən xüsusi proqram təminatı hazırlanır”.

Bu sözləri “Azərsu” ASC-nin Mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı deyib.

O bildirib ki, hazırlanan proqram üzərində yekun işlər gedir:

“Heç bir insan amili olmadan abonentlərin sayğac göstərişləri qeydə alınacaq. Həmin proqram təminatı sayəsində abonentlər ilk və son oxunmanın göstəricilərini görəcəklər. Məsələn, yanvarın 15-də sayğacı oxunan abonentin fevralın 15-də yenidən sayağac göstəricilərinə baxıldıqda proqram avtomatik orta günlük su sərfiyyatını (yəni 30-31 günlük) hesablayacaq.

Tutaq ki, vətəndaş 30 gün su işlədibsə, onun 15 kub/metr su sərfiyyatı köhnə tariflə (50 qəpik), 15 kub isə yeni tariflərlə (1 manat) hesablanacaq. Hər hansı qaranlıq məqam olarsa, biz vətəndaşların bütün suallarına açığıq. Vətəndaş üçün qaranlıq qalan məqamlar onların xeyrinə həll olunacaqdır, lakin biz belə bir məqamın müşahidə ediləcəyini düşünmürük. Abonentlərin hüquqlarının pozulması ola bilməz”.

.