Bu ilin yanvar-avqust aylarında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə 5,833 mlrd. manat vergi daxil olub, proqnoza 123,7% əməl edilib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi daxilolmaları 13,4 % və ya 690,1 mln. manat artıb.

Dövlət Vergi Xidməti verdiyi məlumata görə, cari ilin səkkiz ayında qeyri-neft sektorundan daxilolmalar 4,264 mlrd. manat olub, proqnoza 117,7% əməl edilib. Dövlət büdcəsinə proqnozdan əlavə 639,9 mln. manat daxil olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu sektordan vergi daxilolmaları 11% və ya 421,8 mln. manat artıb.

Qeyri-neft sektorunun özəl bölməsi üzrə cəmi vergi daxilolmaları əvvəlki ilin eyni dövrü ilə müqayisədə 18,7% artaraq 3,264 mlrd. manat təşkil edib. Regionlar üzrə daxilolmalar 623,8 mln. manat olmaqla, proqnoz 117,2% icra edilib, ötən illə müqayisədə bu mənbədən daxilolmalar 5,2% artıb.

Ödənilən vergilərin 73,1%-i qeyri-neft sektorunun, 26,9%-i neft-qaz sektorunun payına düşüb.

Azərbaycanda vergi ödəyicilərinin sayı artıb

Cari il sentyabrın 1-nə aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 4,7 faiz artaraq 645.189 təşkil edib.

Dövlət Vergi Xidmətindən  verilən məlumata görə, hesabat dövründə aktiv ƏDV ödəyicilərinin sayı 11,8 faiz artıb və 32.585-ə çatıb.

Aktiv obyektlərin (təsərrüfat subyektlərinin) sayı isə ilin əvvəli ilə müqayisədə 6,1 faiz artaraq 177.274-ə çatıb.

.