Azərbaycan və Rusiya arasında münasibətlər bütün sahələr üzrə yüksəlişdədir.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən xəbərə görə, bunu Milli Məclisin sədri Sahibə Qafarova ilə görüşdə Rusiya Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko bildirib.
Valentina Matviyenko ölkələrimiz arasında gündəliyin iki ölkənin dövlət başçıları tərəfindən müəyyən olunduğunu bildirərək deyib ki, münasibətlərimiz mehriban qonşuluq və qarşılıqlı anlaşma əsasında inkişaf edir. Əlaqələrimizin genişləndirilməsində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın uğurlu fəaliyyətini də qeyd edən Valentina Matviyenko bildirib ki, bu fəaliyyət münasibətlərimizə böyük töhfələr verir. Parlamentlərarası əlaqələrdən danışan Federasiya Şurasının sədri, Milli Məclisin sədri ilə görüşlərin xoş bir ənənəyə çevrildiyini qeyd edərək, bunun qanunverici orqanlarımız arasında əlaqələrin yaxşı göstəricisi olduğunu ifadə edib. Onun sözlərinə görə, qanunverici orqanlarımız arasında əlaqələr səmərəlidir və həm ikitərəfli formatda, həm də beynəlxalq parlament təşkilatları çərçivəsində uğurla inkişaf edir. Valentina Matviyenko deyib ki, Azərbaycan Respublikası Milli Məclisi ilə Rusiya Federasiyası Federal Məclisinin Dövlət Duması arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumunun imzalanması ilə parlamentlərarası əlaqələrdə yeni mərhələ başlayacaq.
O, qeyd edib ki, regionlararası əməkdaşlıq ikitərəfli münasibətlərin inkişafında ölkələrimiz arasında xüsusi rol oynayır. Hazırda Rusiya Federasiyasının 70-dən çox subyektinin müəssisələri Azərbaycanla xarici ticarət fəaliyyəti ilə məşğul olur.
Valentina Matviyenko, həmçinin Azərbaycan, Rusiya və Ermənistan tərəfindən üçtərəfli razılaşmaların həyata keçirilməsinin vacibliyini vurğulayıb.
.
