Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) uşaq və yeniyetmələrin koronavirusa qarşı tam peyvənd edilməsini tövsiyə etmir, çünki bu yaş qrupunda ciddi xəstəlik halları azdır və bundan əlavə, bir sıra ölkələrdə əhalinin yüksək risk qrupundan olan təbəqələri hələ tam peyvənd olunmayıb.

Bu barədə ÜST-nin immunizasiya üzrə ekspertlərdən ibarət strateji məsləhət qrupunun Cenevrədə yaydığı bəyanatda deyilir.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Qebreyesus Cenevrədə keçirdiyi brifinqdə dünya üzrə peyvəndlərin paylanmasında ədalətin olmamasına diqqət çəkib.

“Bəzi ölkələr hazırda əhali üçün “buster” doza proqramları həyata keçirsə də, ÜST-yə üzv dövlətlərin yalnız yarısı ilin sonuna qədər öz əhalisinin 40%-nin peyvəndlənməsinə nail ola bilib. Vaksinin bütün dozalarının təxminən 20%-i gündəlik “buster” və əlavə peyvəndlər üçün istifadə olunur”.

Tedros Adanom Qebreyesus hesab edir ki, vaksinlərə bərabər çıxışı təmin etmək üçün əlavə tədbirlərə ehtiyac var:

“Omikron ştamının ortaya çıxması, bu problemin tezliklə həll edilməsinin zəruriliyini göstərir. Birinci və ya ikinci doza peyvəndi hələ almamış tibb işçiləri, yaşlılar və riski yüksək olan digər şəxslər üçün peyvənd imkanlarının təmin edilməsinə üstünlük verilməlidir. Afrikada hər dörd tibb işçisindən üçü peyvənd olunmur”.

.