"İctimai səhiyyə ilə bağlı görülən tədbirlər insanların sağlamlığını qorumaq üçündür. Azərbaycan koronavirusun qarşısını almaq üçün ən tez tədbir görən ölkələrdən biridir".

Bunu Ümumdünya Səhiyyə Təşkilatının Ölkə Ofisinin onlayn mətbuat konfransında ÜST-ün Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı bildirib.

O bildirib ki, martın 31-də xüsusi karantin rejimi elan olunub, aprelin 10-dan sonra isə virusa yoluxanların sayı azalmağa başlayıb: "Sosial həyata dönmək üçün bir qədər yumlaşdılma tədbirləri görülüb. Bu qərarın tez verilib-verilmədiyini bir müddət sonra görəcəyik. İnsanlar pandemiya bitdi deyib, tez əvvəlki həyata dönsələr, say artacaq.  Əgər insanlar qaydalara əməl etməsə, 7-10 gün sonra yoluxmanın artmağa başlaması mümkündür. Belə olsa, hökumət yenidən karantinlə bağlı qərar verə bilər. Əhalinin etməli olduğu vacib şey fiziki məsafə saxlanması, əllərin tez-tez yuyulmasıdır".

ÜST: Azərbaycanda koronavirusu müəyyən etmək üçün test sayı və laboratoriyalar çox artıb

"Azərbaycanda koronavirusu müəyyən etmək üçün test sayı və laboratoriyalar çox artıb".

Bunu Ümumdünya Səhiyyə Təşkilatının Ölkə Ofisinin onlayn mətbuat konfransında ÜST-ün Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı bildirib.

Onun sözlərinə görə, hazırda virusu müəyyən etmək üçün ölkədə 20-dən çox laboratoriya var: "Əvvəl bu, 2-3 idi. Bu laboratoriyalarda 140 mindən çox test aparılıb". 

Hande Harmancı: “ÜST-ün seçilmiş direktorunu bir ölkə vəzifədən azad edə bilməz”

“15 ildir ÜST-də çalışıram, heç vaxt indiki qədər təşkilatımla qürur duymamışam”. 

Bunu Ümumdünya Səhiyyə Təşkilatının Ölkə Ofisinin onlayn mətbuat konfransında ÜST-ün Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı bildirib. 

O, qurumun pandemiyanın qarşısının alınması sahəsində qısa müddətdə tədbirlər gördüyünü deyib: “Bu məlumatları bütün dünya ilə paylaşdıq. Bu cür təşkilatların tənqid olunması çox normaldır. Biz küsmürük, çünki əslində həmin ölkələr üçün çalışırıq. Hər il onlar bizim işimizi, büdcəni yoxlayır. Hər il 194 üzv ölkənin Səhiyyə nazirləri Cenevrədə toplaşıb, bütün texniki, maliyyə məsələlərinə baxırlar. İlk dəfə bu il tədbir onlayn olacaq”. 

Hande Harmancı ÜST-ün rəhbərinin dəyişməsi ilə bağlı yayılan xəbərlərə də münasibət bildirib: “Normal zamanda direktorlar seçki ilə gəlib-gedirlər. Bütün dünyanın seçdiyi direktoru hansısa bir ölkənin vəzifədən azad etməsi mümkün deyil”.

.