Çiçək xəstəliyinin kökü kəsilib, poliomielit xəstəliyi isə artıq tamamilə aradan qaldırılmaq üzrədir.
Bunu Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan Nümayəndəliyinin rəhbəri Hande Harmancı deyib. Onun sözlərinə görə, qlobal miqyasda gözlənilən ömür uzunluğu ən yoxsul ölkələrdə belə 46 yaşdan 73 yaşa qədər artıb:
"Bütün bu nailiyyətlər ÜST-nin 75 illik mövcudluğu ərzində gördüyü işlərdən yalnız iki mühüm məqamdır. Bununla yanaşı, 42 ölkədə malyariya aradan qaldırılıb, İİV və vərəm epidemiyaları dayandırılıb, 47 ölkədə ən azı bir tropik xəstəliyə son qoyulub".
Hande Harmancı son beş ildə Ebola və malyariya üçün ilk vaksinlər hazırlandığını və lisenziyalaşdırıldığını xatırladıb.
"Yaxın 3 il ərzində ÜST bu əsrin ən ağır sağlamlıq böhranı olan COVID-19 pandemiyasına qarşı qlobal cavab tədbirlərini koordinasiya edib", - deyə o qeyd edib.
Hande Harmancı çıxışı zamanı Azərbaycanda həbsxanalarda vərəmin profilaktikası və nəzarəti üzrə dünyada növünə görə yeganə olan ÜST-lə Əməkdaşlıq Mərkəzi yaradıldığını deyib:
"Azərbaycana 2002-ci ildə poliomielitdən, 2023-cü ildə malyariyadan azad ölkə statusu verilib. Biz bu nailiyyətləri yerli tərəfdaşlarımızla birlikdə əldə etdik və bu fəaliyyətlərdə aparıcı rol oynamaqdan qürur duyuruq. Ümid edirəm ki, bundan sonra da əlaqələrimiz güclənəcək və universal tibbi təminata nail olacağıq”.
.