Dünyada 5 milyard insan ürək xəstəliyi və ölüm riskini artıran trans yağlara qarşı müdafiəsizdir. Hər il dünyada 500 min insan bu yağlar səbəbindən yaranan ürək-damar xəstəlikləri nəticəsində vəfat edir.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının hesabatında qeyd olunub.

Hesabata görə, trans yağların istehlakı nəticəsində ürək-damar xəstəliklərindən ən çox ölüm hallarının qeydə alındığı 16 ölkədən 9-da yaxşı profilaktika siyasəti həyata keçirilmir.

Bu ölkələrə Avstraliya, Azərbaycan, Butan, Ekvador, Misir, İran, Nepal, Pakistan və Cənubi Koreya daxildir.

Trans yağları aradan qaldırmaq üçün ən yaxşı siyasət Amerika və Avropanın yüksək gəlirli ölkələrində həyata keçirilir. Argentina, Banqladeş, Hindistan, Paraqvay, Filippin və Ukrayna kimi orta gəlirli ölkələr də bu siyasəti mənimsəyir.

Həmçinin bu il trans yağların aradan qaldırılması üçün ən yaxşı siyasətin Meksika, Nigeriya və Şri-Lankada həyata keçiriləcəyi gözlənilir.

Qeyd edək ki, ÜST 2018-ci ildə trans yağların qlobal olaraq aradan qaldırılması barədə çağırış edib. Təşkilatın baş direktoru Tedros Adhanom Qebreyesus bu yağların heç bir faydası olmadığını, əksinə səhiyyə sistemləri üçün böyük xərclərə səbəb olduğunu diqqətə çatdırıb.

.