
Dövlət və qeyri-dövlət uşaq müəssisələrində qidalanmaya dair tələblər müəyyənləşib.
Bu, Nazirlər Kabinetinin təsdiqlədiyi “Dövlət və qeyri-dövlət uşaq müəssisələrində göstərilən xidmətlərin keyfiyyətinə dair tələblər”də əksini tapıb.
Uşaq müəssisələrində qidalanmaya dair tələblər aşağıdakılardır:
- uşaqların minimum keyfiyyəti və təhlükəsizliyi qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə cavab verən qida ilə təmin edilməsi;
- qida məhsullarının hazırlanması, saxlanması, daşınması zamanı qida məhsullarının təhlükəsizliyinin və yararlılığının təmin edilməsi;
- qida məhsullarının mikrobioloji, kimyəvi və fiziki çirklənməsinin qarşısının alınması;
- qida məhsullarının xüsusiyyətlərinə uyğun temperatur rejiminə riayət edilməsi;
- minimum keyfiyyəti və təhlükəsizliyi, həmçinin qablaşdırılması və etiketlənməsi qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə cavab verən, aşkar korlanma, dağılma, çürümə əlamətlərinin olmaması, müvafiq müşayiətedici sənədləri (baytarlıq şəhadətnaməsi, arayışı, ekspertiza aktı və ya ətin, heyvan və quş cəmdəklərinin və digər məhsulların üzərinə qoyulan nişan, daxili karantin sertifikatı, qida zənciri obyektinin (subyektinin) qeydiyyata alınmasına və ya təsdiq olunmasına, habelə qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalı və emalını həyata keçirən obyektlərin qeydiyyata alınmasına dair Qida Təhlükəsizliyi Reyestrindən çıxarış, idxal sağlamlıq aktı) olan məhsulların, xammalın, inqrediyentlərin və qida ilə təmasda olan material və məmulatların qəbul edilməsi;
- qida bloklarının sanitariya-gigiyena və sanitar-texniki vəziyyətinin qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə cavab verməsi;
- qida bloklarında uyğunluq sertifikatları ilə təmin edilmiş avadanlıqlardan qanunvericiliklə müəyyən edilmiş gigiyena tələblərinə uyğun istifadə edilməsi;
- hər bir müəssisədə qida maddələrinə olan fizioloji tələbat və qidalanma normaları əsasında hazırlanmış 10 günlük və ya 2 həftəlik menyu tərtib olunmaqla, yeməkxanaların divarında yerləşdirilməsi;
- səhhətində problem olan uşaqların qidalanması üçün həkimin tövsiyəsinə əsasən menyunun hazırlanması;
- bir yaşadək uşaqların qidalanmasının fərdi qaydada, fizioloji yaş həddi normalarına və bütün növ qida məhsullarının vaxtında tətbiqinə uyğun olaraq təyin edilməsi;
- qanunvericiliklə müəyyən edilmiş qaydada qida blokunda işləyən şəxslərin işə qəbul olunmazdan əvvəl və işlədikləri müddət ərzində hər 6 aydan bir məcburi tibbi müayinədən keçməsinə və tibbi arayışlarla təmin olunmasına nəzarət edilməsi;
- qida məhsulları ilə təmasda olan işçilərin icra etdikləri işə uyğun olaraq gigiyenik təlimlərə cəlb edilməsi;
- qida obyektlərində çalışan hər bir şəxsin gigiyena qaydalarına ciddi riayət etməsi, təmiz, münasib xüsusi geyimlə (saç toru və ya örtüyü, xalat, önlük) və fərdi mühafizə vasitələri (əlcək, maska, respirator, eynək) ilə təmin edilməsi;
- hər gün hazır məhsulun gündəlik nümunəsinin götürülüb saxlanılması (gündəlik nümunə bir porsiya həcmində, qeyri-qənaətbəxş epidemioloji vəziyyət zamanı mikrobioloji tədqiqat üçün 100 qramdan az olmayaraq, yemək və ya qarnir nümunələri həcmində götürülür). Nümunələr qapaqlı steril şüşə qabda götürülərək (qarnir və salatlar ayrı qablarda saxlanılır), xüsusi soyuducuda və ya soyuducunun bu məqsədlə ayrılan bölməsində 48 saat ərzində 2-6°C temperaturda saxlanılır. Gündəlik nümunənin düzgün götürülməsi və saxlanma şəraiti üzərində nəzarətin tibb işçisi tərəfindən həyata keçirilməsi;
- tibbi-metodiki tövsiyələr əsasında müəssisədə qalma saatından asılı olaraq gün ərzində uşaqlar üçün müvafiq sayda qidalanmanın təmin edilməsi;
- müəssisənin qida anbarı, yeməkxana və mətbəx otaqlarının yanğın təhlükəsizliyi qaydalarına, sanitariya normalarına və qaydalarına, qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlara uyğun fəaliyyət göstərməsi, mətbəx işçilərinin daxili təlimatlara uyğun xidmətinin təmin edilməsi.