Hökumət bunun əvəzinə «Özünədəstək» proqramını işə salmağa hazırlaşır. Ekspert Akif Nəsirli isə bu əvəzləməni ciddi yanlışlıq sayır.
"Biz uzun illər insanlara ünvanlı sosial yardım veririk. Bu da çox ciddi sosial təşəbbüsdür. Yüz mindən çox ailəyə dövlət tərəfindən ünvanlı sosial yardım verilir. Biz bunu ona görə edirik ki, bu insanların maddi təminatı lazımi səviyyədə deyil. Ancaq biz tədricən o aztəminatlı ailələr üçün şərait yaratmalıyıq ki, onlar özləri pul qazansınlar, özləri işlə məşğul olsunlar”. Bu sözləri prezident İlham Əliyev Nazirlər Kabinetinin keçirilən son iclasında bildirib. 

Prezident qeyd edib ki, ünvanlı sosial yardım dayandırılaraq, başqa bir dövlət proqramı ilə əvəz ediləcək: "Bəzi hallarda dövlət sektorunda açılmış iş yerlərinə o qədər də böyük maraq göstərilmir. Bəziləri deyirlər ki, mən dövlətdən yardım alıram, niyə gedib işləməliyəm? Bu, yaxşı hal deyil. Bu, ələbaxımlılıq yaradır. Ələbaxımlılıq da gələcəkdə çox böyük problem ola bilər. Ona görə insanlar özləri daha da məsuliyyətli olmalıdırlar. Dövlət qurumları şərait yaratmalıdır ki, tədricən ünvanlı sosial yardım əvəzinə hər bir insan özü üçün iş qursun. Dövlət kömək edəcək. Prezidentin ehtiyat fondundan bu məqsədlər üçün ilkin olaraq 6 milyon manat ayrılıbdır. Lazım olarsa daha da çox vəsait ayrılacaq. Hər bir rayonda insanlar fərdi qaydada işlə təmin ediləcək. Onlar dövlətdən asılı olmayacaqlar. Onlar halal pul qazanacaqlar, ailələrini dolandıracaqlar”.

Qeyd edək ki, dövlət başçısının bildirdiyi ünvanlı sosial yardıma alternativ layihə "Özünədəstək” proqramıdır. 

2010-cu ildə pilot layihə kimi icrasına başlansa da, hazırda müvəqqəti dayandırılıb və bunun səbəbi açıqlanmır. O ki qaldı ünvanlı dövlət sosial yardımına, ekspertlərə görə, bu layihə yoxsulları yoxsulluqdan çıxarmır. Sadəcə olaraq onların ölməməsi üçün lazım olan fizioliji tələbatını ödəmək üçündür. 

İqtisadi Tədqiqatlar Mərkəzi bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə konkret mexanizm təklif etmişdilər. Birgə müzakirələr nəticəsində «Özünədəstək» proqramının icrasına başlanıb və 2012-ci ilin aprelindən 2013-cü ilin payızına kimi 13 rayondan 271 ailə bu layihəyə cəlb olunub. "Özünədəstək” Proqramına 355 460 manat məbləğində vəsait xərclənilib. Lakin sonra nazir Səlim Müslümov gələn kimi proqram uğursuz olduğu bəhanəsi ilə dayandırılıb. Əgər belə bir layihə uğursuz alınıbsa, onunla eyni mahiyyət daşıyan proqrama nə ehtiyac var? 


Ekspert Akif Nəsirli "Bizim Yol”a bildirdi ki, ünvanlı sosial yardımın verilməsi ilə bağlı dəyişikliklərdən sonra yardımın təyin edilməsi çətinləşib: «Xüsusilə elektron sistemə keçiddən sonra sosial ünvanlı yardımın təyin edilməsi dayandırılıb. Yeni şərtlərə görə hər bir ailə üzrə kommunal ödənişlər illik 36 manatı keçirsə, həmin adam ünvanlı sosial yardım almaq hüququnu itirir. Bu şərti hansı ailə ödəyə bilər? Heç bir. Bu tip bir neçə şərtlər var ki, ağırlaşdırılıb. Ona görə də, faktiki olaraq ünvanlı sosial yardımın təyin olunması dayandırılıb».

A.Nəsirlinin sözlərinə görə, artıq bir müddətdir ki, hökumət ünvanlı yardımın dayandırılacağı ilə bağlı siqnallar verməyə başlayıb: "Hökumət rəsmilərinin fikrincə, o qədər də uğur qazanmayan bir layihədir, insanları tənbəlləşdirir. Bir tərəfdən layihənin uğur qazanmadığını deyə bilərik. Onun təyinatı zamanı böyük korrupsiya, rüşvət əməlləri kifayət qədər genişlənmişdi. Həmin yardımı alanların böyük hissəsinin bu gəlirə ehtiyacı yoxdur. Yerli məmurlar buna qazanc mənbəyi kimi baxır, çoxlu sayda saxtakarlıqlara əl atırlar”.

Amma ekspert aztəminatlı ailələrin ünvanlı yardıma ehtiyacı olduğu qənaətindədir: "Elə aztəminatlı ailələr var ki, onları ünvanlı sosial yardımla təmin etmək lazımdır. Belə insanlar dövlət dəstəyi ilə əhatə edilməlidir. Ünvanlı sosial yardımın verilməsinin insanları tənbəlləşdirməsi, ələbaxımlılığa öyrətməsi tamamilə yanlış yanaşmadır. Hökumət bu layihəni dayandırmamalıdır, sadəcə olaraq  korrupsiya mənbəyi olmaqdan xilas etməlidir. Rəsmi olaraq 5 faiz yoxsul zümrənin olduğu bildirilir. Ünvanlı yardım həmin 5 faiz yoxsul təbəqə üçün hədəflənməlidir”.

A.Nəsirli "özünədəstək” proqramı ilə ünvanlı sosial yardımın mahiyyətcə ayrı-ayrı layihələr olduğunu bildirir, onların bir-birilə əvəzləndirilməsini absurd hesab edir: "Ünvanlı sosial yardımı dayandırıb, onu "Özünədəstək” proqramı kimi başqa bir layihə ilə əvəzləmək anormal bir hadisədir. Onlar mahiyyətcə ayrı-ayrı layihələrdir. "Özünədəstək” proqramı əhalinin başqa zümrəsinə hədəflənərək həyata keçirilməlidir. Ünvanlı sosial yardım işləyib, lakin büdcəsini tam doldura bilməyən ailələr üçün ayrılır. Amma digər layihə çərçivəsində verilən vəsait işləməyən şəxslərə çatır. Yəni müəyyən bacarığı olan, xüsusilə biznesi qurmağı bacaranlar üçün maliyyə dəstəyidir”.
.