Monopolistlər hər ton buğdadan 140 dollar gəlir götürür
Dünya birjalarında taxılın qiyməti ucuzlaşdığı halda Azərbaycanda unun qiyməti bahalaşıb. ATV-nin verdiyi məlumata görə, Azərbaycanda unun qiyməti 10 faizdən çox artıb. Belə ki, çörəkbişirmə ilə məşğul olan sahibkarlar əvvəllər 16 manata aldıqları 50 kiloqramlıq un kisəsini indi 17,8-17,9 manata əldə edirlər.

Maraqlıdır ki, Azərbaycanda əmtəəlik taxıl idxal olunduğu halda, qiymətlər dünya birjalarına uyğunlaşmır. Əgər beynəlxalq bazarda qiymətlər aşağı düşübsə, o zaman Azərbaycanda niyə bahalaşıb?

Kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmov bu barədə "Bizim Yol"a şərhində bildirib ki, taxıl biçini mövsümündə unun qiymətinin artması əmtəəlik buğdanın az olacağından xəbər verir: "Normal halda mövsümdə unun qiyməti enməli idi. Dünya bazarında təklifin artması fonunda tələbin azalması müşahidə olunur. Elə bu səbəbdən də un ixracı ilə məşğul olan ölkələr təklif etdikləri məhsulun qiymətini aşağı salıblar".

Mütəxəssis əlavə edir ki, Ukrayna bir həftə əvvəl ixrac etdiyi əla növ unun 1 tonunu 220-225 dollara təklif etdiyi halda, indi 205-215 dollara, 210-215 dollara təklif olunan 1-ci növ unu isə indi 195-205 dollara satır: "Azərbaycanda isə un istehlakçılara dünya bazarında mövcud olan qiymətlərdən 60 faiz baha, 340 dollara təklif olunur".

V.Məhərrəmov ölkəmizdə qiymətlərin baha olmasını inhisarla əlaqələndirir: "Azərbaycanda un istehsalı, idxalı və topdan satışı inhisardadır. Ona görə də satışda olan unun keyfiyyəti aşağı olduğu halda, qiyməti yüksək olaraq qalır. Rəqabət olarsa, vəziyyət yaxşılığa doğru dəyişər". .