"Ukraynada quş qripinin yayılması ilə bağlı Beynəlxalq Epizootik Büro bu ölkədən quş əti idxalına qadağa qoyub. Buna baxmayaraq, Azərbaycana Ukraynadan quş əti gətirilir”.
Bu barədə Teleqraf.com-a Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov məlumat verib.
Birlik sədri bildirib ki, noyabrın 30-da Ukraynada quş qripinin yayılması faktı qeydə alınıb. Beynəlxalq Epizootik Büro bu ölkədən quş əti idxal edən ölkələrə xəbərdarlıq edib. Xəbərdarlıqda deyilir ki, Ukrayna və İrandan quş ətinin idxalına qadağa qoyulsun: "İrandan Azərbaycana gətirilən quş ətinə qadağa qoyulsa da, Ukraynadan quş əti idxalına qadağa tətbiq edilməyib. Bu, isə təhlükəlidir. Çünki Ukraynadan Azərbaycana külli miqdarda quş əti gətirilir.
Dövlət orqanları beynəlxalq təşkilatlardan gələn xəbərdarlığa əməl etməlidirlər. Eyni zamanda əhaliyə bildirilməlidir ki, bu ölkədən gətirilən quş ətini almasınlar”.
Məsələ ilə bağlı Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mətbuat katibi Yolçu Xanvəli Teleqraf.com-a açıqlama verib.
Qurum rəsmisi noyabrın 30-da Ukraynada quş qripinin H5 tipinin aşkar olunması faktini təsdiqləyib: "Bizim mütəxəssislər bildirirlər ki, Ukraynadan Azərbaycana quş əti quş qripinin olmadığı ərazidən gətirilir. Bu xəstəlik Ukraynanın Avropa hissəsində qeydə alınıb deyə, oradan və Avropa ölkələrindən quş əti idxalı qadağan edilib. Ukraynanın digər ərazisindən quş ətinin gətililməsinə icazə verilir”.
Yolçu Xanvəli qeyd edib ki, Ukraynadan Azərbaycana quş əti gətirilməsi tam yasaqlanmayıb: "Azərbaycanla həmsərhəd olmadığı üçün Ukraynadan quş əti idxalına tam qadağa qoyulmayıb. İranla isə tam qadağa var, çünki ölkəmizlə həmsərhəddir. Kimlərsə qanunsuz yollarla ölkəyə quş əti gətirə bilər”.
