Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev BMT-nin Azərbaycandakı yeni rezident-əlaqələndiricisi Dmitri Şlapaçenko ilə Ukraynaya dəstək, humanitar məsələlər və ikitərəfli qarşılıqlı fəaliyyət perspektivlərini müzakirə edib.

Bu barədə Qusev "Facebook" sosial şəbəkəsindəki səhifəsində bildirib.

"Görüş zamanı tərəflər aktual beynəlxalq çağırışlar, sülhün və dayanıqlı inkişafın möhkəmləndirilməsində BMT-nin rolu barədə fikir mübadiləsi aparıb, eləcə də Ukraynanın Bakıdakı səfirliyinin və BMT-nin Azərbaycandakı nümayəndəliyinin komandaları arasında qarşılıqlı əlaqələrin dərinləşdirilməsi imkanlarını müzakirə ediblər", - diplomat yazıb.

O vurğulayıb ki, görüşdə davam edən Rusiya-Ukrayna münaqişəsi şəraitində Ukraynaya dəstək, humanitar ehtiyaclar, minalardan təmizləmə və zərər çəkmiş regionların bərpası məsələlərinə, həmçinin BMT Nizamnaməsinin və beynəlxalq hüquq prinsiplərinə riayət olunmasının vacibliyinə xüsusi diqqət yetirilib.

"Tərəflər müntəzəm dialoqu saxlamaq və beynəlxalq təhlükəsizliyin möhkəmləndirilməsinə, ədalətli və dayanıqlı sülhə nail olmağa yönəlmiş təşəbbüslər üzərində birgə işləmək barədə razılığa gəliblər", - məlumatda qeyd olunub.

Səfir Şlapaçenkoya öz məsuliyyətli missiyasını yerinə yetirməkdə uğurlar arzulayıb və səmərəli əməkdaşlığa ümid etdiyini bildirib.

.