“Superliqa böhranı UEFA-nı daha da gücləndirəcək”.

Apasport.az saytının məlumatına görə, bunu UEFA-nın prezidenti Aleksandar Çeferin deyib.

Qitə futbol qurumunun Konqresində çıxış edən sloveniyalı funksioner yeni yaradılan Superliqa ilə bağlı sərt qərarlarından dönməyəcəklərini söyləyib: “Bir an da fikrimizdə tərəddüd etməyəcəyik. Biz məğlubedilməzik və futbolu daha da gücləndirəcəyik. Klublarımızın uyğunlaşmasına və ayağa qalxmasına kömək edəcəyik”.

Çeferin Maliyyə Feyr-Pleyinin ləğv ediləcəyi ilə bağlı xəbərləri də təkzib edib: “Bu baş verməyəcək. Ancaq Maliyyə Feyr-Pleyini yeni reallığa uyğunlaşdırmalıyıq”.

Canni İnfantino: “FİFA və UEFA idmanın Avropa modelini qorumalıdır”

“Mən Avropa futbolunun prinsip və dəyərlərini qorumaq üçün çox və səylə çalışmışam”.

Bunu FİFA-nın prezidenti Canni İnfantino deyib.

Dünya futbol qurumunun rəhbəri UEFA-nın Konqresində çıxış edib. İnfantino Avropanın 12 aparıcı klubunun Superliqa yaratmasına münasibət bildirib: “Amma indi görürük ki, qısamüddətli maliyyə qazancına görə çox şey kənara atılır. İnsanlar fikirləşməli və bu hərəkətlərinin məsuliyyətini başa düşməlidir. Onlar bugünkü Avropa futbolunu yaradan bütün həvəskarlar və azarkeşlər barədə düşünməlidir. Onun 100-dən artıq yaşı var. Bizim və şəxsən mənim vəzifəm idmanın Avropa modelini, yığmaları və milli çempionatları qorumaqdır. Kimsə öz yolu ilə getməyi seçərsə, onlar bu seçimin nəticələrini qəbul etməlidir”.

Qeyd edək ki, UEFA-nın Konqresi Fransanın Montre şəhərində keçirilir.

.