UEFA Konfrans Liqasının tvitter səhifəsi maraqlı paylaşımla diqqət çəkib.

Postda qitənin üçüncü dərəcəli klub turnirinin ən stabil komandaları sıralanıb.

“Formada olan komandalar VI oyun gününə doğru” başlıqlı cədvəldə “Qarabağ” da yer alıb. Komandaların daxili birincilik və Konfrans Liqasındakı son 5 matçının nəticəsinə əsasən qurulan “10-luq”da Azərbaycan təmsilçisi 7-ci yerin sahibi kimi göstərilib. Qurban Qurbanovun yetirmələri geridə qalan 5 görüşün 3-də qələbə qazanıb, 2-də heç-heçə edib.

Bu müddətdə çempionatda “Sumqayıt” (4:0), “Keşlə” (1:0) və “Sabah”a (5:1) qalib gələn “Qarabağ” “Qəbələ” ilə qolsuz bərabərə qalıbsa, Konfrans Liqasının V turunda “Omoniya” ilə evdə qollu heç-heçə (2:2) edib. “Feyenoord”, “Kopenhagen” və “Omoniya” da eyni göstəriciyə imza atıb.

Cədvələ “Slaviya” başçılıq edir. Çexiyalılar “Flora” və “Slovan”la birlikdə keçirdiyi son 5 qarşılaşmanın 4-də qalib gəlib, 1-də heç-heçə ilə yadda qalıb.

.