Qarabağ"ın UEFA Avropa Liqasının Liqa mərhələsində rəqibləri bəlli olub.

"Köhlən atlar" ilk oyununu sentyabrın 25-26-da "Ayaks"la (Niderland) evdə keçirəcək.

Ağdamlılar ikinci matçında oktyabrın 3-də səfərdə "Tottenhem" (İngiltərə) ilə qarşılaşacaq.

Azərbaycan təmsilçisi üçüncü görüşündə oktyabrın 24-də doğma meydanda "Lion" (Fransa), dördüncü qarşılaşmasında noyabrın 7-də səfərdə "Olimpiakos"la (Yunanıstan) üz-üzə gələcək.

Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv daha sonra noyabrın 28-də evdə "Malmö" (İsveç) ilə, ardınca isə dekabrın 12-də səfərdə "Budyo Qlimt"lə (Norveç) görüşəcək. Növbəti qarşılaşmalar 2025-ci il yanvarın 23-də FCSB (Rumıniya) ilə Bakıda, yanvarın 30-da "Elfsborq"la İsveçdə gerçəkləşəcək.

Qeyd edək ki, Liqa mərhələsində 36 klub çıxış edəcək. 8 turdan sonra ilk 8 yeri tutan komandalar 1/8 finala, 9-24-cü yerlərdə qərarlaşanlar isə pley-offa yüksələcəklər. Digər 12 iştirakçı çıxışını başa vuracaq.

.