Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) Baş katibi Altınbek Mamayusupov Azərbaycanın Dağlıq Qarabağ bölgəsindəki vəziyyətin kəskinləşməsindən narahatlığını ifadə edib və mülki əhali arasında itkilərin olmasına səbəb olan Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan yaşayış məntəqələrini atəşə tutulmasını pisləyib.

Baş katib Parlament Assambleyasının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı çərçivəsində tezliklə həll olunmasını qətiyyətlə dəstəklədiyini və bu prinsiplərin TÜRKPA-nın bəyannamələrində də yer aldığını qeyd edib (Astana bəyannamələri - 2015-ci il, Ala-Arça bəyannaməsi - 2017-ci il, İzmir bəyannaməsi 2018-ci il və Bakı bəyannaməsi - 2019-cu il).

Eyni zamanda, Baş katib Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə və ATƏT-in Minsk Qrupunun dəstəyi ilə danışıqlar prosesinə xələl gətirə biləcək hər hansı bir təxribat xarakterli bəyanat və hərəkətin qəbuledilməzliyini vurğulayıb.

Baş katib mülki şəxslərin ölümü ilə əlaqədar Azərbaycan xalqına dərin hüznlə başsağlığı verib və yaralılara tezliklə sağalmağı diləyib.

.