Mart ayında Cənub Qaz Dəhlizi Məşvərət Şurasının Bakıda keçiriləcək iclasında Naxçıvanda istehsal olunan “yaşıl enerji”nin ixracı layihəsinin növbəti mərhələsi müzakirə olunacaq.
Bunu APA-nın Türkiyə bürosuna açıqlamasında energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar deyib.
Nazir bildirib ki, təkcə elektrik enerjisi deyil, təbii qazla bağlı da Azərbaycanla əməkdaşlıq strateji əhəmiyyət daşıyır.
Onun sözlərinə görə, Azərbaycanla imzalanmış 33 milyard kubmetrlik qaz sazişi növbəti 15 il ərzində Türkiyənin təbii qaz tələbatının bir hissəsini qarşılayacaq.
“Birlikdə həyata keçirdiyimiz bir çox layihə var. Təbii qaz bizim üçün çox vacibdir. SOCAR mühüm təchizatçıdır və bu əməkdaşlıq uzun illərdir davam edir. Mövcud boru kəmərləri və imzalanmış yeni saziş 2030-cu ildən sonra da əlaqələrimizin davamlılığını təmin edəcək. Biz öz qazımızı da istehsal edirik, lakin ölkə üzrə tələbat yüksəkdir. Qarşıdakı 15 il ərzində ehtiyacımız olan təbii qazın bir hissəsini Azərbaycandan almağa davam edəcəyik. Bundan əlavə, Azərbaycan, Gürcüstan, Türkiyə və Bolqarıstan arasında “yaşıl enerji” dəhlizi layihəsi mövcuddur. Bu layihə xüsusilə Naxçıvanda bərpa olunan mənbələr hesabına istehsal edilən elektrik enerjisinin Türkiyə və Avropaya ixracını nəzərdə tutur. Sənədlər artıq imzalanıb və mart ayında keçiriləcək Cənub Qaz Dəhlizi toplantısında layihənin növbəti mərhələyə keçirilməsi hədəflənir”, – nazir vurğulayıb.
.
