Ötən gecə Türkiyənin Hatay, Qaziantep, Adana və Bursa vilayətlərində bir qrup vətəndaş suriyalılara hücum edib.

Yenizaman-ın Türkiyə mətbuatına istinadən xəbərinə görə, etirazçılar onların yaşadığı və işlədiyi yerlərə daş parçaları atıb. Qaziantep şəhərində isə bir qrup aksiya iştirakçısı Suriya vətəndaşı olan gənci bıçaqlayıb. Aksiya iştirakçıları Türkiyədə məskunlaşan suriyalılar əleyhinə şüarlar səsləndirib, onlardan ölkəni tərk etməyi tələb ediblər.

Etirazlar Adana və Urfaya da keçib. Adananın Seyhan qəsəbəsində və Urfada bir qrup vətəndaş suriyalılara məxsus iaşə obyektlərinin qarşısını kəsərək, onların açılmasına imkan verməyib. Aksiyalara qatılanlar suriyalıların Türkiyə ərazisindən çıxarılmasını tələb ediblər.

İstanbuldakı aksiyalarda da suriyalılara məxsus ticarət obyektləri hücuma məruz qalıb. Aksiyada iştirak edənlər “Türkiyə türkdür, türk qalacaq!” kimi şüarlar səsləndiriblər.

Qeyd edək ki, etirazlara Kayseri bölgəsində Suriya əsilli bir şəxsin 7 yaşındakı uşağı cinsi istismara məruz qoyması ilə bağlı yayılan xəbərlər səbəb olub.

.