
Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzi (QAFSAM) Türkiyənin ən nüfuzlu ictimai qurumlarından olan Türk Ocaqları ilə birgə Türkiyə-Ermənistan sərhədləri ilə bağlı Anadolu türkcəsində broşura hazırlayıb.
Bu barədə APA-ya məlumat verən QAFSAM-ın sədri Araz Aslanlı bildirib ki, broşuranın hazırlanmasında məqsəd Türkiyə-Ermənistan sərhədləri ilə bağlı aparılan əsassız kampaniyalara qarşı cəmiyyətin daha dərindən məlumatlandırılmasıdır.
Broşurada Türkiyə-Ermənistan sərhədlərinin bağlı olmasının səbəbləri qısa maddələr şəklində izah olunub. Ermənistanın müstəqillik bəyannaməsində, dövlət gerbində və konstitusiyasında yer alan Türkiyəyə qarşı ərazi iddialarına diqqət çəkilib. Xüsusi vurğulanıb ki, Ermənistan Konstitusiya Məhkəməsinin 12 yanvar 2010-cu il tarixli qərarında Türkiyə-Ermənistan protokollarının Ermənistanın müstəqillik bəyannaməsinin və konstitusiyasının əlaqədar (Türkiyəyə ərazi iddiası irəli sürən) maddələrinə zidd şərh olunmayacağı qeyd olunub.
Broşurada həmçinin Ermənistanın Azərbaycan ərazilərini işğalı ilə bağlı BMT Təhlükəsizlik Şurasının qərarlarından hissələrə və Ermənistanın qonşu dövlətlərə yönəltdiyi ərazi iddialarını əks etdirən xəritəyə yer verilib.
Broşuranın son hissəsində Türkiyə dövlət rəsmilərinin və müxalifət liderlərinin Ermənistanın işğalçılıq siyasəti və Türkiyə-Ermənistan sərhədləri ilə bağlı fikirləri, eləcə də Azərbaycan prezidenti İlham Əliyevin Türkiyəyə təşəkkürü əks olunub.