"TAP və TANAP enerji təhlükəsizliyində böyük rol oynayır. İnşallah, 2018-ci ilin əvvəlində TANAP tamamlanacaq, Türkiyə və Avropa ölkələrinin qaz ehtiyaclarının ödənilməsində mühüm addım atılmış olacaq”.

APA-nın məlumatına görə, bunu Türkiyənin baş naziri Binəli Yıldırım Bakıda Azərbaycan prezidenti İlham Əliyevlə birgə mətbuat konfransında deyib.
Baş nazir bildirib ki, avqustun 26-da Sultan Səlim Yavuz körpüsünün açılışı olacaq: "Açılış mərasiminə Azərbaycan prezidenti İlham Əliyevi də dəvət edirəm. Sizin bu mərasimdə iştirakınız bizim üçün böyük şərəfdir”.

"Azərbaycanın dostu dostumuz, düşməni düşmənimizdir. Dağlıq Qarabağ məsələsində hər zaman Azərbaycanı dəstəkləyirik”.
Bu sözləri də Azərbaycanda rəsmi səfərdə olan Türkiyənin baş naziri Binəli Yıldırım keçirilən mətbuat konfransında deyib. O bildirib ki, Azərbaycan torpaqlarının 20 faizini işğal edən Ermənistana "dur” deməyin vaxtı çatıb: "ATƏT-in Minsk Qrupu toplanıb, dağılışır. Artıq söz zamanı deyil, iş görülməlidir. Bir dəqiqədə qərar qəbul edib, həyata keçirənlər Azərbaycan və Türkiyəyə gəldikdə fərqli davranırlar. Azərbaycanın işğal olunmuş torpaqları qaytarılan zaman bu məsələ çözüləcək. Beynəlxalq ictimaiyyətin ikili standartdan vaz keçməsinin zamanı çatıb”.

"Tarixçilərin fərqli baxışı olduğu bir məsələ ilə bağlı Almaniya Bundestaqının qərarı böyük bir yanlışlıqdır”.
APA-nın məlumatına görə, bunu da həmçinin Binəli Yıldırım deyib.
Bundestaqın qondarma "erməni soyqırımı” barədə qərarının tamamilə yanlış olduğunu vurğulayan Türkiyənin baş naziri deyib ki, qısa müddətdə bu yanlışlığın aradan qaldırılacağına ümid bəsləyirlər: "Almaniyada 3 milyon türk yaşayır. Bu qərar Almaniyadakı türkləri də məyus edib. Xocalıda bir soyqırımı törədilib, nə üçün bunu nəzərə almırlar? Almaniya tarixi xətasını, eybini adiləşdirmək üçün parlament xətti ilə belə bir qərar qəbul edib”.
B. Yıldırım Türkiyənin tarixinin şəffaf olduğunu deyib: "Beynəlxalq ictimaiyyəti ikili standartlara son qoymağa, Yaxın Şərqdə yaşanan faciələrə müşahidəçi qalmamağa dəvət edirik. Almaniya parlamentinin qərarından sonra Azərbaycana ən yüksək səviyyədə mövqeyini ortaya qoyduğu üçün təşəkkür edirəm”.
.