100% xarici kapitallı bank olan "Yapı Kredi Bank Azərbaycan” QSC zəifləyib. Bank 2015-ci ilin 1-ci rübünü 430,2 min manat zərər ilə başa vurub. Halbuki, Bank ötən ilin eyni dövründə 3,28 milyon manat xalis mənfəət əldə etmişdi.
"Marja” "Yapı Kredi Bank Azərbaycan”nın maliyyə hesabatlarına istinadən xəbər verir ki, birinci rübdə bankın cəmi gəlirləri 14,13 milyon manat, o cümlədən faiz gəlirləri 9,49 milyon manat, qeyri-faiz gəlirləri isə 4,64 milyon manat təşkil edib.
DEVALVASİYADA 5,8 MİLYON MANAT İTİRİB
Əgər, xarici valyutanın məzənnə dəyişməsindən (devalvasiyadan) 5,8 milyon manat zərəri əmələ gəlməsəydi, Bankın qeyri-faiz gəlirləri üzrə 10,43 milyon manat təşkil edərdi. Qeyri-faiz gəlirlərindən haqq və komissiya üzrə gəliri 2,43 milyon manat, dillinq əməliyyatlarından xalis gəlir isə 8 milyon manat təşkil edib.
14,18 milyon manat cəmi gəlirlərə qarşı Bankın cəmi xərcləri 11,35 milyon manat təşkil edib. Nəticədə də Bankın xalis əməliyyat mənfəəti 2,78 milyon manat təşkil edib. Eyni zamanda Bank 3,07 milyon manat aktivlər üzrə yaradılmış ehtiyyata ayırıb. 139.64 min manatlıq mənfəət vergisindən sonra Bankın 430.20 min manat zərəri yaranıb.
KAPİTALI AZALIB
Birinci rübdə Bankın aktivləri 348,57 milyon manatdan 373,5 milyon manata, kredit porfeli isə 267,48 milyon manatdan 277,98 milyon manata yüksəlmişdir.
Bankın kapitalı isə yaranmış zərər səbəbindən 65,76 milyon manatdan 65,3 milyon manata düşüb.
PROBLEMLİ KREDİTLƏR 2 DƏFƏ ARTIB
Birinci rübdə "Yapı Kredi Bank Azərbaycan”da vaxtı keçmiş kreditlərin həcmi 2 dəfə artıb. Bankın verdiyi 277,98 milyon manat kreditin 25,34 milyon manatının və ya 9,12%-nin ödəmə vaxtı keçib. Ötən ilin sonunda Bankın verdiyi 267,48 milyon manat kreditin 12,8 milyon manatının və ya 4,52%-nin ödəmə vaxtı keçmişdi.
