Xəbər verildiyi kimi, 2015-ci ilin fevral ayında Bakının torpaq bazarında qiymətlər ötən ilin analoji dövrü ilə müqayisədə 5,15 faiz artıb. Bunu Trend-ə "MBA Group” konsaltinq şirkətinin baş direktoru Nüsrət Ibrahimov deyib.
N.Ibrahimovun sözlərinə görə, 2015-ci ilin yanvar ayında torpaq sahələrinin qiymətində artım cəmi 0,6 faiz olub. O qeyd edib ki, Bakıda mənzil bazarında qiymətlər çox yüksəkdir, buna görə də bir çoxlarının paytaxtda mənzil almağa imkanı çatmır: "Son iki il ərzində əksər potensial alıcılar birinci və ikinci mənzil bazarından torpaq bazarına keçiblər”. Şirkət rəhbərinin fikrincə, kiçik torpaq sahəsi alaraq 60-70 min manata bir və ya ikimərtəbəli ev tikmək mənzil üçün böyük məbləğ ödəməkdən daha sərfəlidir. 10 min manata kiçik torpaq sahəsi almaq və iki-üç il ərzində orada ev tikmək mümkündür: "Bir çoxuna bu variant daha münasibdir”.
Torpaq sahələrinin qiymətinin artması tendensiyasının davamlı olacağı cəmiyyəti düşündürən əsas məsələdir. Çünki söküntü işləriylə bağlı əhalinin torpağa olan tələbatı böyükdür. Belə olan halda, torpaqların qiymətinin artan həddə qalması ölkə vətəndaşlarının xeyrinə deyil.
Iqtisadçı-ekspert Nemət Əliyevin fikrincə, Mərkəzi Bankın manatın devalvasiyası barədəki məlum qərarından sonra ölkədə olan bütün varidatın dəyəri aşağı salınıb. Ekspert söyləyir ki, dəyərdən salınanların sırasına daşınmaz əmlak da daxildir. Dollar manata nisbətdə dəyərini artırdığı üçün, manatla torpağın alqı-satqı qiymətinin bahalanması mümkündür:
"Lakin qiymətin xarici valyutaya nəzərən nə dərəcədə artacağını söyləmək bir qədər çətindir. Hətta başqa proseslərin ola biləcəyi, ucuzlaşmanın gedəcəyi də mümkündür. Ölkədə əhalinin sosial vəziyyətinin ağır olması, onun getdikcə daha da çətinləşməsinin torpaq bazarında ucuzlaşmaya təsir edəcəyini də gözləmək olar. Insanların sosial vəziyyəti çətinləşdikcə, məsələyə diqqət də artmalıdır. Milli Məclisdə Ziyad Səmədzadənin dediklərindən bəlli oldu ki, hökumət ümumi kreditlərdə 40 faiz payı olan istehlak kreditlərinin verilməsində maneçilik törətmək istəyir. Istehlak kreditlərinin götürülməsində əhalinin əsas məqsədi özünün gündəlik məişət problemlərinin həll edilməsi olub. Istehlak kreditlərində məhdudiyyətlərin tətbiq olunması əhalinin problemlərinin həll olunmaması deməkdir. Bu mənada əhalinin real vəziyyətinə xitabən, torpaqların qiymətinin müvəqqəti də olsa aşağı düşməsi prosesi ola bilər”.

.