Qazaxıstan kommunikasiya imkanlarının daha da genişləndirilməsi məqsədilə Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunu (TBNM) və “Şimal-Cənub” nəqliyyat dəhlizini inkişaf etdirmək, həmçinin "Bir kəmər, bir yol" təşəbbüsündə əsas rol oynamaq niyyətindədir.
Yenizaman “Akorda”ya istinadən xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev "Əbu-Dabi Dayanıqlı İnkişaf Həftəsi" sammitindəki çıxışında bildirib.
"Biz təkcə regional əlaqələri gücləndirməyən, həm də dayanıqlı iqtisadi artımı təmin edən davamlı təchizat zəncirlərinin yaradılmasına yönəlmişik", - o qeyd edib.
K.Tokayev, həmçinin qeyd edib ki, Mərkəzi Asiya regionunun əsas çağırışlarından biri qlobal istiləşmədir. Sürətlənən istiləşmə ekosistemlərə, yaşayış şəraitinə və ərzaq təhlükəsizliyinə təhdid yarada bilər ki, bu da təcili iqlim adaptasiya strategiyaları tələb edir. O bildirib ki, region transsərhəd çaylarından da çox asılıdır.
"Buna görə də erkən xəbərdarlıq sistemlərinin yaradılması, su və torpaq resurslarının idarə edilməsinin təkmilləşdirilməsi son dərəcə vacibdir. Bunun üçün biz suya qənaət texnologiyalarına investisiya yatırmalı, suvarma sistemlərini modernləşdirməli, həmçinin süni intellekt, peyk monitorinqi və digər rəqəmsal alətlərdən istifadə etməliyik", - Prezident vurğulayıb.
.