2025-ci ildə Xəzər dənizi ilə fiber-optik kabel xəttinin çəkilməsi layihəsi başa çatacaq.
Bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev parlament palatalarının birgə iclasında çıxışı zamanı deyib.
“Bu, beynəlxalq dəhlizlərə və transsərhəd məlumat axınları ilə əlaqəli rəqəmsal infrastrukturun yaradılması baxımından ölkəmiz üçün son dərəcə vacibdir. Ümumiyyətlə, biz telekommunikasiya şəbəkələrinin və məlumat mərkəzlərinin fəal inkişafını davam etdirməli, qlobal kibertəhlükəsizlik standartlarını tətbiq etməli, mütəxəssislərimizin səriştəsini artırmalıyıq”, - o bildirib.
Qeyd edək ki, Trans-Xəzər Fiber-Optik Kabel Xətti layihəsi Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında Xəzər dənizinin dibi ilə yüksək məlumat ötürmə imkanına sahib magistral fiber-optik kabel xətlərinin çəkilməsi üzrə layihədir.
Layihənin məqsəd Xəzər dənizinin dibi ilə irihəcmli məlumatların ötürülməsinə imkan verən magistral kabel xətlərinin çəkilməsi ilə Avropa ilə Asiya arasında Azərbaycan vasitəsilə Rəqəmsal İpək Yolunu (Digital Silk Way) formalaşdırmaqdır.
Xəzərin dibi ilə optik xəttin çəkilişi 370 kilometr uzunluqda olacaq. Qazaxıstan və Azərbaycanın rabitə operatorlarının investisiyaları 23 milyard təngədən (50,6 milyon ABŞ dolları) çox həcmdə qiymətləndirilir.
.