Yenizaman.az Azərbaycanın keçmiş xarici işlər naziri, sabiq səfir Tofiq Zülfüqarovun Publika.az-a müsahibəsini təqdim edir:

– Donald Tramp ABŞ siyasətində real olaraq, nəyi dəyişə biləcək?

– Bu gün Trampın prezident seçilməsinə dünyada fərqli münasibət var. Bəziləri onun prezident seçilməsinə sevinir, bəziləri isə düşünür ki, siyasətdən anlayışı yoxdur və sairə. Buna görə də həmin adamlar onun prezidentliyi dövründən yaxşı nəsə gözləmirlər.

Ancaq mənə elə gəlir ki, Donald Tramp ABŞ-ın Yaxın Şərq ölkələrində həyata keçirdiyi "idarə olunan xaos” nəzəriyyəsindən əl çəkmək niyyətindədir. Buna görə də optimistlər hesab edir ki, ABŞ "idarə olunan xaos” nəzəriyyəsindən artıq əl çəkəcək və daha sabit və yumşaq siyasət yürüdəcək. Onun prezident seçilməsilə bağlı müxtəlif fərziyyələr var. Ancaq istənilən halda dünya insanları onun yaxşı addımlar atacağını gözləyir.

– Barak Obamanın prezidentliyi dövründə ABŞ-Rusiya münasibətləri kifayət qədər gərginləşmişdi. Bəs Trampın prezidentliyi dövründə Rusiya ilə münasibətlər nə vəd edir?

– Hər halda ABŞ-Rusiya münasibətlərinin yaxşılaşmasına ümidlər böyükdür. Eyni zamanda, Rusiya və ABŞ siyasətçiləri də bununla bağlı Donald Trampa ümid bəsləyir. ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə sabiq müşaviri, politoloq Zbiqnev Bjeziniski də düşünür ki, Rusiya ilə normal münasibətlər yaradan siyasət qurulmalıdır. Rusiya siyasətçiləri də Donald Trampın qələbəsini qeyd ediblər. Ona görə də ABŞ-Rusiya münasibətlərinin yaxşılaşması ümidləri var. Dünyanın böyük hissəsi bu ölkələr arasında soyuqluğun aradan qalxmasını gözləyir.

Digər tərəfdən isə hər bir siyasətdə inersiya da mövcuddur. Odur ki, gələcək ABŞ-Rusiya münasibətlərində bunu da istisna etmək olmaz.

- Bu yaxınlarda Belarus prezidenti Aleksandr Lukaşenko söyləyib ki, Donald Trampın ABŞ prezidenti seçilməsinə o qədər də sevinmək lazım deyil. Çünki Tramp yeni şərtlərlə gəlir. Bu hansı şərtlər ola bilər?

– Lukaşenkonun nəyə əsasən bu cür fikir söyləməsini demək çətindir. Ola bilsin ki, bu fikrin arxasında ABŞ siyasətində şəxsiyyətin əsas əhəmiyyət daşımaması anlayışı dayanır. ABŞ-da dövlət siyasətini müəyyən edən institutlar, mərkəzlər işləyir. Prezidentin kim olmasından asılı olmayaraq, həmin qurumların müəyyən etdiyi siyasət ABŞ dövlətinin əsas xəttini təşkil edir. Fərdlərin dəyişməsi ilə həmin siyasətin dəyişməsi bir qədər vaxt aparır. Yəni, bunun üçün ictimai rəy dəyişməlidir. Bundan sonra da qurumların rəyi və siyasəti dəyişə bilər.

Ümumiyyətlə, ABŞ-ın siyasətində dəyişiklər olsa belə, bu qısa müddətdə baş verməyəcək.

– Trampın prezidentliyi dövründə Türkiyə, İsrail və İranla münasibətlər necə olacaq?

– Hesab edirəm ki, bu ölkələrlə ABŞ-ın siyasətində dəyişiklik olması üçün kifayət qədər əsaslar var. Çünki Donald Trampın ailəsinin yəhudi icması ilə birbaşa bağlılığı var. Kürəkəni yəhudi icmasının tanınmış və fəal üzvüdür. Bu baxımdan da ABŞ-da Respublikaçılar Partiyasının nümayəndələri Barak Obamanın prezidentliyi dövründə Demokratlar Partiyasının İsrailə qarşı yürütdüyü siyasəti tənqid ediblər. Çünki Obamanın prezidentliyi dövründə ABŞ-İsrail münasibətləri kifayət qədər yaxşı olmayıb. Hətta, İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ-a səfər edərkən, Konqresdə çıxış edib, ancaq prezidentlə görüşməyib. Təkcə, bu onu sübut edir ki, Barak Obama ilə yəhudilər arasında böhran olub.

Türkiyə ilə münasibətlərə gəldikdə isə Tramp ABŞ-ın Yaxın Şərq ölkələrində həyata keçirdiyi "idarə olunan xaos” nəzəriyyəsindən əl çəksə və rəsmi Ankara ilə münasibətlər qurmaq istəsə, buna müsbət qarşılıq veriləcək. Türkiyə bu münasibətlərin qurulmasına hazırdır. Biz Gülən məsələsinə də diqqət etsək, görərik ki, Qərb dövlətçilik məfhumunu Türkiyə üzərindən götürməyə çalışır. Türkiyə prezidenti də əsasən buna görə ABŞ-dan narazıdır ki, Obama hakimiyyəti dövründə Türkiyədə dövlətçiliyə qarşı çıxmaq istəyən qüvvələr Birləşmiş Ştatlar tərəfindən dəstəkləndi. Eyni zamanda, ABŞ Türkiyə daxilində separatçılıq planları həyata keçirən PKK və digər terror təşkilatlarına açıq və gizli dəstək verir. Bütün bunlar da ABŞ-Türkiyə münasibətlərini yaxşılaşdıra bilmir. Hesab edirəm ki, Donald Trampın prezidentliyi dövründə ABŞ Türkiyə ilə səmimi əməkdaşlıq qurarsa, bu, iki ölkə münasibətlərini yeni müstəviyə çıxaracaq. Bütün bunların da arxasında ABŞ-ın Yaxın Şərq ölkələrində həyata keçirdiyi "idarə olunan xaos” nəzəriyyəsi dayanır. Türkiyə ilə münasibətləri düzəltmək üçün ABŞ gərək bu nəzəriyyədən əl çəksin. Bu nəzəriyyədən əl çəkilsə, dünyada ABŞ-ın tərəfdarlarının sayı da çoxalacaq.

İranla bağlı məsələ barədə onu deyim ki, son zamanlar ABŞ İrana qarşı sanksiyaları yumşaltsa da, tənqidlər qalmaqdadır. Hətta, Donald Tramp özü də çıxışlarında deyib ki, ABŞ İrana qarşı sanksiyaları davam etdirməlidir. İranın nüvə proqramı ilə bağlı ABŞ tərəfindən tənqid olunması Donald Trampın timsalında da mövcud olub. İndi İranla gələcək münasibətlərin necə olacağını isə zaman göstərəcək.

– Trampın prezidentliyi dövründə Qarabağ münaqişəsilə bağlı irəliləyişlər gözlənilirmi?

– Onun Dağlıq Qarabağ münaqişəsilə bağlı hansısa mövqe sərgiləməsi üçün ilk növbədə bu məsələ gündəmə gətirilməlidir. Misal üçün, aprel əməliyyatları zamanı Qarabağ məsələsi dünyanın diqqətini cəlb edə bilmişdi. Buna görə də həmin vaxt beynəlxalq təşkilatların fəaliyyətlərində canlanma müşahidə olunurdu. Ancaq ermənilərin məqsədli siyasəti nəticəsində bu məsələ gündəmdən düşdü. Yəni, Donald Trampın prezidentliyi dövründə də Qarabağ münaqişəsi dünyanın gündəmində olsa, o zaman bu məsələ ilə bağlı ABŞ-ın hər hansı siyasətini müşahidə etmək mümkün olar. Ancaq indiki halda münaqişənin gündəmə gəlməsi inandırıcı deyil. Şəxsən mənə inandırıcı görünmür ki, Donald Tramp ilk gündən etibarən Qarabağ münaqişəsinin həllinə çalışacaq. Amma Qarabağ probleminin bir həlli yolu da mövcuddur. Rusiya və ABŞ Qarabağ münaqişəsini birgə həll edib, dünyaya öz əməkdaşlığını nümayiş etdirə bilər. Yəni, Donald Tramp Rusiya ilə bunu birgə əməkdaşlıq modeli kimi dünyaya göstərə bilər.

.