“Cari tədris ilində məktəbəhazırlıq qruplarına 104 min uşaq cəlb edilib. Onlardan 9900-ü rus bölməsinə, qalanları isə Azərbaycan bölməsinə cəlb olunub”. 

Bunu 2021-2022-ci tədris ili üzrə I sinfə qəbulla bağlı keçirilən onlayn brifinqdə Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili  və idarəolunması şöbəsinin əməkdaşı Elçin Kərimov bildirib.

Onun sözlərinə görə, artıq Azərbaycan dilində məktəbəhazırlıq qrupunda olan 94 min şagirdin I sinfə keçirilməsi təmin olunub, yəni təxminən I sinfə gedənlərin 70-75 faizi məktəbəhazırlıq qruplarından cəlb olunub: "Ancaq I sinfə keçirildikdən sonra bəzən valideynlərdə fikir ayrılığı olur, yəni uşağın məktəbini dəyişmək istəyir. Bu zaman valideyn şəxsi səhifədə uşağın sorğusunu silib, digər məktəbi seçə bilər”.

BŞTİ: Alternativ qeydiyyat mərkəzləri ənənəvi və onlayn formada təşkil olunacaq

"Bakı şəhəri üzrə Təhsil İdarəsində də I sinfə qəbulla bağlı daxili əmr imzalanıb və tapşırıqlar verilib".

Bunu 2021-2022-ci tədris ili üzrə I sinfə qəbulla bağlı keçirilən onlayn brifinqdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İnformasiya təminatı sektorunun müdiri Namiq Ağayev bildirib.

Onun sözlərinə görə, şagird qəbulu qaydalara uyğun həyata keçiriləcək, internet çıxışı olmayan vətəndaşlar üçün alternativ qeydiyyat mərkəzləri həm ənənəvi, həm də onlayn formada təşkil olunacaq. Tədrisi digər dildə aparılan bölmələr üzrə müsahibələr üçün lazımi tapşırıqlar verilib, müvafiq komissiyalar yaradılıb: "Sabahdan vətəndaşların onlayn qeydiyyat prosesinə tam hazırıq".

.