
Güclü selə məruz qalan Tiflisdə maraqlı hadisə baş verib.
ANS PRESS-in "Qruziya Onlayn"a istinadla verdiyi məlumata görə, sel suları basan heyvanxanadan qaçan pinqivin Azərbaycanla sərhədə kimi üzüb.
Dağıdıcı selin qurbanı olan zooparkdan qaçan Afrika pinqivini Qırmızı körpüdə (Gürcüstan- Azərbaycan sərhədində) - çayda tapılıb.
Xatırladaq ki, iyunun 14-də baş verən güclü daşqın zamanı ən çox zərərçəkən Tiflis heyvanxanası olub. Nəticədə yüzlərlə hüyvan məhv olub, vəhşi heyvanlar paytaxt küçələrinə qaçıblar. 600 heyvanın yarısı məhv olub: "15 dəqiqə öncə bizə zəng etdilər və dedilər ki, Qırmızı Körpüdə, çayda pinqvin üzür. Qrup onu Tiflisə gətirmək üçün yola çıxıb".
Afrika pinqvinlərini gürcü zooparkına Böyük Britaniyanın Тorki şəhər heyvanxanası 2014-cü ildə hədiyyə etmişdi. Onlar üçün böyük su hovuzu tikilmişdi.