Gürcüstan ölkənin sabiq prezidenti Mixail Saakaşvilinin olduğu yerin öyrənilməsi üçün sorğu ilə Polşaya müraciət edib.
"RİA-Novosti” agentliyi xəbər verir ki, bu haqda Varşava dairə prokurorluğunun mətbuat katibi Lukaş Lapinski bildirib.
"Prokurorluğa bazar ertəsi Gürcüstan Ədliyyə Nazirliyinin sorğusu daxil olub”, - deyə mətbuat katibi söyləyib.
Qeyd edək ki, Saakaşvili avqustun 4-də Varşava üsyanının 73-cü ildönümündə iştirak etmək üçün ABŞ-dan Polşaya gəlib. Onun Polşaya hansı sənədlərlə gəldiyi məlum deyil. Çünki keçmiş prezident daha əvvəl Ukrayna vətəndaşlığından məhrum edilib və ardınca onun pasportları ləğv olunub.
Avqustun 5-də Ali Radanın deputatı, Saakaşvilinin lideri olduğu "Yeni güclərin hərəkatı" partiyasının üzvü Yuri Derevyanko feysbuk səhifəsində yazıb ki, Polşa-Ukrayna sərhədində Mixail Saakaşvilinin ələ keçirilməsi planı elan edilib.
Mixail Saakaşvilinin Ukraynaya qayıdacağı ehtimal edilir. Deputatın sözlərinə görə, "Korçova-Krakoves” buraxılış məntəqəsinin ərazisi prezident Pyotr Poroşenkonun administrasiyasından birbaşa göstərişlə mühasirəyə alınıb.
Keçmiş dövlət başçısı 2007-ci il noyabrın 7-də Gürcüstanda dinc aksiyanın qeyri-qanuni dağıdılmasında, "İmedi" teleşirkətinin mənimsənilməsində və biznesmen Badri Patarkatsişvilinin əmlakının qeyri-qanuni mənimsənilməsində ittiham olunur.
